13 Aprel 2016 19:27
2 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdüşt Əlizadə: “Suriya-Türkiyə münasibətlərinin düzələcəyinə inam çox azdır”

Politoloq Zərdüşt Əlizadə Suriyada cərəyan edən hadisələrlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

– Zərdüşt bəy, hazırda Suriyada qüvvələr nisbəti nə cürdür?
– Hazırda Suriyada vətəndaş vətəndaş müharibəsi gedir. Rusiya və İranın dəstəyindən sonra Bəşər Əsədin rəsmi hökumət qoşunları bir qədər özünə gəlib, bəzi əraziləri, məntəqələri geri ala bilib. Lakin, Suriya kürdlərinin qoşunları, Qərbin dəstəklədiyi müxalifətin qoşunları və İŞİD qoşunları 4 oyunçudurlar ki, Suriyada döyüşürlər. Rusiya Əsəd hökuməti ilə müttəfiqdir. Qərbin dəstəklədiyi müxalifət, Əsədin ordusu və Suriya kürdləri İŞİD-lə döyüşür. Üstəlik, həm Rusiyanın, həm də Amerikanın yaratdığı koalisiyanın təyyarələri İŞİD-i bombalayır. Yəni, çox qeyri-müəyyən vəziyyətdir. İndi Suriyada parlament seçkisi keçiriləcək. Hamı anlayır ki, vətəndaş müharibəsi şəraitində hansısa ədalətli seçkinin keçirilməsi ağlabatan deyil. Cenevrədə hökumətlə fərqlənən müxalifət arasında danışıqlar gedir. Müxtəlif ölkələr Suriyanın daxili işlərinə müdaxilə edirlər. Bunlar Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Rusiya və İrandır. Bəziləri bu işi hökumətin razılığı, bəziləri isə razılığı olmadan görür. Yəni, Suriya hazırda çox məzlum vəziyyətdədir. Dağılıb, viranə qalıb, milyonlarla insan, mülki əhali ölkədən qaçıb. Elə Avropanın ən böyük müsibətlərindən biri də Suriya qaçqınlarıdır. Suriya qaçqınlarına digər münaqişə zonalarından – Əfqanıstandan, İraqdan, Liviyadan, Yəməndən və başqa ölkələrdən də insanlar qoşulub. Yəni, hamı dəlixanaya çevrilmiş Yaxın Şərq bölgəsindən qaçır.

– Rusiyanın tərk edəcəyi Suriyanın taleyini necə görürsünüz?
– Rusiya Suriyanı tərk etməyib. Sadəcə qoşunlarının bir hissəsini çıxarıb. Əksinə, Aralıq dənizi sahilində yerləşən Tartus şəhərində dislokasiya olunmuş hərbi-dəniz bazasının yanında “Xmeymim” aerodromu da yaradıb. Rusiyanın Suriyadakı qoşunlarının sayı az deyil. Bir neçə min nəfərlik quru qoşunu var. Düzdür, zərbə qırıcılarını, zərbə aviasiyasını çıxarıb. Yəni, o qüvvələr ki, müəyyən hədəflərə qarşı istifadə olunurdu, artıq həmin hədəflər məhv edilib. Odur ki, həmin aviasiyanın Suriyada qalması mənasız idi. Amma Suriyada Rusiyanın xeyli başqa tipli təyyarələri və helikopterləri qalıb. Rusiya Suriyanı tərk etməyib.

– Suriya ilə Türkiyənin münasibətlərinin yaxşılaşması perspektivi varmı?
– Bunlar hamısı Ərdoğanın macəraçı, sərgüzəştçi siyasətinin nəticəsidir. Suriya ilə Türkiyənin çox gözəl əlaqələri var idi. Amma Ərdoğan bölgədə hegemonluq, ağalıq eləməyi qərar aldı və bunun nəticəsində Türkiyənin Suriya ilə əlaqələri korlandı. İndi də faktiki olaraq Suriya ilə Türkiyə arasında münasibətlərin nə vaxtsa düzələcəyinə inam çox azdır. Türkiyə əvvəlcə Suriyadakı türkmanları dəstəkləyir, onlar üçün qoşun düzəldirdi, sonra İŞİD-i dəstəklədi. Yəni, bütün bunlar mənasız işlər idi. Bu müdaxilə nəticəsində Suriya kürdləri silahlandılar və öz muxtariyyətlərini elan etdilər. Belə təsəvvür yaranır ki, sanki Ərdoğan nə etdiyini, əməllərinin aqibətini anlamır. Məsələn, Amerika da İraqa girəndə bu müdaxilə nəticəsində İraqın güclənəcəyini və bölgənin ən güclü oyunçularından birinə çevriləcəyini anlamadı.

– İraqın güclənməsi necə baş verdi?
– Səddam Hüseyni aradan götürdülər, İran gücləndi. Halbuki, Səddam İranı tarazlaşdırırdı. İraq əhalisinin 60 faizi şiədir. Amerikalıların qurduğu müvəqqəti hökumət İraqda demokratik seçki keçirdi və şiələr qalib gələrək hökumət qurdular. Şiə hökuməti də İranın ən yaxın müttəfiqidir. Bu, Amerikanın xidmətidir.

– İraqa birinci müdaxilə zamanı da oxşar hal baş vermişdimi?
– Bəli, mən həm birinci, həm də ikinci müdaxiləni nəzərdə tuturam. Hər iki müdaxilə mənasız və qanunsuz müdaxilə idi. Nəticədə böyük bir dövlət xaraba, viranə qaldı, milyonlarla insan ziyan çəkdi.

– ABŞ prezidenti Barak Obama 2011-ci ildə Liviyaya müdaxiləni hakimiyyətdə olduğu dövrdə özünün ən böyük səhvi adlandırıb. Qeyd edib ki, Liviyaya hərbi müdaxilədən sonra növbəti addımlarla bağlı planın mövcud olmaması böyük səhv idi. Sizcə, Vaşinqtondan başqa etiraflar eşitmək üçün daha neçə il gözləmək lazım gələcək?
– Liviyaya müdaxilə təkcə Obamanın səhvi deyildi. Bu, Rusiyanın da, Dmitri Medvedevin də səhvi idi ki, Liviyaya müdaxiləyə icazə verdi. Bu, acgöz, rüşvətxor Sarkozinin də səhvi idi. O, prezident seçkisi zamanı Qəzzafidən 50 milyon dollar rüşvət almışdı. Sonra isə ona müharibə elan elədi. Rüşvətxor, oğru Berluskoni bir vaxtlar Qəzzafinin əlindən öpürdü. Sonra isə onu bombalamağa təyyarələr göndərdi. Yəni, bu Qərb sivilizasiyasının Şərq sivilizasiyasına, Şərq həyatına etinasız, düşünülməmiş bəslədiyi münasibətdir ki, onun nəticəsində Liviya kimi avand bir ölkə viranə qaldı. İndi Liviya 3-4 yerə parçalanıb. Bir-birləri ilə vuruşurlar, ölkə terror yuvasına çevrilib.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər