14 Aprel 2016 12:07
1 344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan qoşunları arasında təmas xəttində baş verən son hadisələr dünya, o cümlədən Rusiya mediasının diqqətində oldu.

Xüsusilə, Rusiya telekanalları aprelin 2-dən 5-dək yaşanan gərginliklə bağlı ardıcıl olaraq müxtəlif verilişlər, o cümlədən debatlar təşkil etdi.

Lakin debatlara dəvət olunan erməni əsilli qonaqların çoxluğu, Ermənistan tərəfinin açıq şəkildə müdafiəsi Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmadı.

Verilişlərə Azərbaycan tərəfindən isə cəmi 2-3 siyasi şərhçi və jurnalist dəvət edildi.
Ermənistanın müdafiəçiləri israrlı şəkildə debatlarda iddia edirdilər ki, son qarşıdurma Türkiyənin təhriki ilə aparılır, Rusiyaya məxsus qırıcının vurulmasından sonra rəsmi Ankaranın regionda baş verən hadisələrdə birbaşa əli var.

Ən absurd iddialardan biri də bu idi ki, Suriya, o cümlədən Əfqanıstanda törədilən terror aktlarını Türkiyə həyata keçirir.

Son debatlarda Azərbaycan və Türkiyənin mövqeyini davamlı şəkildə müdafiə edən Moskvada yaşayan azərbaycanlı jurnalist, Türkiyənin “İhlas” Xəbər Agentliyinin xüsusi müxbiri Fuad Abbasovun işdən azad edilməsi fonunda baş verən prosesləri bir neçə şərhçi ilə aydınlaşdırmağa çalışdıq.

Onu da qeyd edək ki, Rusiya telekanallarında Azərbaycanın maraqlarını müdafiə edən cəmi 2-3 nəfər barədə yanaşmalar da birmənalı deyil. Onların reputasiyaları haqda müxtəlif iddialar da irəli sürülür.

Teleqraf.com müraciət etdiyi ekspertlərdən Rusiya telekanallarındakı dialoqlarla bağlı fikirlərini öyrəndi.

Rusiya mediasında erməniəsilli kifayət qədər jurnalist olduğu halda azərbaycanlı politoloq və jurnalistlərin Rusiya cameəsində tanınmamasının səbəblərinə aydınlıq gətirdi.

Əvvəlcə media eksperti Qulu Məhərrəmlidən debat texnologiyasının şərtləri barədə danışmasını xahiş etdik.


Qulu Məhərrəmli: “Rusiya televiziyalarındakı debat təhrif olunmuş formatdadır”

Qulu Məhərrəmli Rusiya televiziyalarında gedən prosesləri, xəbər və debatları narahatlıqla izlədiyini söylədi:

“Həyatımız informasiya ilə bağlıdır, xüsusən, bu cür həssas məsələnin Rusiya televiziyalarında işıqlandırılması hər kəs üçün maraqlıdır”.

Onun sözlərinə görə, bütün dünyada debat texnologiyasının konkret elementləri var: “Televiziyanın özəlliyi odur ki, aparıcı tamamilə bitərəf olmaqla moderator rolu oynamalıdır. İkincisi, debatın aparılma qaydasına riayət etmək lazımdır. Üçüncüsü, debata dəvət olunmuş insanlara öz fikirlərini ifadə etmək, arqumentlərini əsaslandırmaq üçün konkret vaxt ayrılmalıdır.

Tərəflər bir-birinə sual verə bilər. Ancaq Rusiya televiziyalarında gedən debat çox təhrif olunmuş formatdadır.

Bir tərəfi təmsil edən çoxlu sayda ekspertlər toplaşır, konkret olaraq Azərbaycanla bağlı isə bərabərlik, qərəzsizlik prinsipi pozulur.

Balansın düzgün qurulmaması, istər-istəməz problemi da yarımçıq və birtərəfli işıqlandırmağa şərait yaradır. Ona görə hesab edirəm ki, Rusiya televiziyasının hazırladığı debatlar standartlara uyğun deyil. Yaxşı cəhət isə odur ki, bu debat təşkil edilir, Rusiya ictimaiyyəti Azərbaycanla bağlı müəyyən məlumatları ala bilir. Amma balansın pozulması, yanlış yanaşmalar, tərəflərə bərabər zamanın ayrılmaması və fikrini ifadə etməyə imkan verilməməsi dərhal göstərir ki, problemə qərəzli yanaşma var.
Bu, birinci hal deyil. Rusiya televiziyasının dəsti-xətti budur. Biz özümüz məsələn, CBC kanalında rus dilində müzakirələri təşkil edib onun yayılmasına nail olmalıyıq.

Rusdilli auditoriya, Şərqi Avropa ölkələri üçün debatlar təşkil etməliyik. Ölkəmizdə yaxşı siyasi analitiklər də, jurnalistlər də var. Bununla da Azərbaycana beynəlxalq aləmə açılan pəncərə daim açıq olmalıdır ki, dünya ictimaiyyəti o havanı görə bilsin”.

Qulu Məhərrəmli onu da söylədi ki, 1990-cı illərin əvvəllərində də Rusiya televiziyalarında olarkən birtərəfli yanaşma barədə iradlar səslənib: “O zaman televiziyada çalışan tanışlarımız deyirdi ki, nə vaxt əlaqələri bərpa etdiniz, qarşılıqlı əlaqələri genişləndirdiniz, təmsilçiləriniz göründü? Müəyyən təşəbbüslər olmalıdır. Biz Rusiya ilə eyni informasiya mühitindəyik, orada danışılanlar bizim üçün çox əhəmiyyətlidir, perspektivdə bu məsələləri nəzərə almalıyıq. TV-lərimiz buna hazırlığı olmalı, geniş şərhçilər qrupu formalaşmalıdır. Təəssüf ki, nikbinliklə danışa bilmirik, çünki onların sayı çox deyil. İndiki situasiyanı şərh edə bilən yüksək səviyyəli təhlilçilər hanı? Eyni adamlar gəlir danışır, bəzən auditoriyada onların dediyi sözün təsiri və kəsəri olmur. Bunlar ciddi məsələlərdir və bir günə həll olunan işlər deyil”.


Elçin Şıxlı: “O debatlara baxanda təzyiqim qalxır”

Fəaliyyəti dayandırılmış “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlının fikrincə, Rusiya telekanallarında jurnalistikadan çox təbliğat və təşviqata yer verilir: “Təkcə Qarabağla bağlı yox, ümumilikdə Rusiya televiziyasındakı debatlara baxanda təzyiqim qalxır. Adam o şovinist təbliğata baxanda iyrənir. Amma təbii ki, son debatlarda söhbətin nədən getdiyi barədə təsəvvürüm var”.

O, Rusiya mediasında çalışan ermənilərin sayının çox olduğunu vurğuladı: “Bu yaxınlardakı statistik məlumatlara görə, Moskvada ruslardan sonra ən çox əhali azərbaycanlılardır. Bunun müxtəlif səbəbləri ola bilər. Ermənilər sayca beşinci yerdədirlər. Bununla belə Rusiyada yaşayan ermənilər təzə gedənlər deyil, çoxdan oradadırlar, guya tanınmış rejissorlar, politoloq və alimlərdir. Azərbaycandan olan son köç isə müstəqillik qazanandan sonra olub. Sovet dövründə Rusiyaya köçən, orada yaşayanların böyük əksəriyyəti neft mütəxəssisləri idi. Ermənilərin Rusiyada rejissorları, politoloqları, jurnalistləri çoxdur. Bizdən olanlardan biri İradə Zeynalovadır. O olmasaydı, bəlkə, ondan yaxşı olardı. Ən əsası odur ki, erməninin ruslara təsiri yoxdur, bu, onların öz mövqeyidir.

Azərbaycanın addımı Rusiyaya uyğun gələrdisə, onlar eyni şeyi ermənilərə qarşı edəcəkdilər. Cəbhədə ermənilər bizi üstələsəydi, Rusiya telekanallarında heç diskussiya olmazdı, olsa da, bir az bizə meyilli olardı. Hazırda nə ermənilər, nə də rusların gözləmədiyi bir şey baş verdi. Görünür, Kremldə informasiya var ki, Qərbə meyillənmək tendensiyası ola bilər. Ona görə də müharibəni bir daha qızışdırdılar. Sadəcə olaraq heç cür ağıllarına gətirə bilmirdilər ki, Azərbaycan ordusu 24 ildir erməninin möhkəmləndirdiyi istehkamları 3 günün ərzində dağıdacaq. Bizdən belə döyüşkənlik və hərbi hazırlıq gözləmirdilər. Ona görə də tez bəyanatlar verdilər. Bununla belə Rusiya buna hazır idi”.

“İradə Zeynalovanın beyni rusdur”

Onun sözlərinə görə, Rusiyada Azərbaycanın rusdilli jurnalistləri yoxdur. Elçin Şıxlı qeyd etdi ki, verilişlərə dəvət olunan ermənilərin böyük əksəriyyəti Rusiya vətəndaşıdır:
“Bizimkiləri orada barmaqla saymaq olar. “Kommersant”da Azər Mürsəliyev şef-redaktordur, amma o, təkdir. İradə Zeynalova alayarımçıq bir şeydir. Onun üçün erməni, rus və azərbaycanlının bir o qədər fərqi yoxdur. Onun beyni rusdur. Uzaq başı yayda Bakıya gəlib, Xəzərdə çimib. Rusiyada azərbaycanlı politoloq varmı? Bəlkə bir nəfər taparıq, o da bəlli deyil kimdir?”


Azər Rəşidoğlu: “Azərbaycan jurnalistikası ermənilərdən qat-qat güclüdür”

Siyasi şərhçi Azər Rəşidoğlu dedi ki, əslində, Rusiya telekanallarında baş verənlər debat yox, monoloqdur:

“Uzun illərdir ki, Rusiya telekanallarında debat aparılmır və təhrif edilməmiş informasiyalar yayınlanmır. Rusiya telekanalları Kremlin şovinist siyasətinə xidmət edir. Sabiq prezident Boris Yeltsinin idarəçiliyi dövründə Rusiyada müstəqil, obyektiv və vicdanlı jurnalistlər az deyildi. İndi onların çoxu ya efirdən uzaqlaşdırılıb, ya da ki, “sındırılıb”. Bu baxımdan, Rusiya mətbuatından ədalətli mövqe gözləmək mümkün deyil. SSRİ zamanından başlayaraq, ermənilər nüfuzlu Rusiya mətbuatında özlərinə lobbi yarada biliblər. SSRİ dağılandan sonra da ermənilər nüfuzlu mətbuatla sıx təmas qurmağa nail oldular. Erməni lobbisi bu istiqamətdə milyonlarla maliyyə xərclədi. O zaman biz baş verənlərin fərqində deyildik. Digər tərəfdən, Rusiya öz vassalı olan ermənilərin himayədarı kimi çıxış edir və qərəzli şəkildə azərbaycanlıları aşağılayır. Bizim Rusiya mətbuatına çıxışımız yox dərəcəsindədir”.

Onun fikrincə, bunun təqsiri jurnalistlərimizdə deyil: “Dövlətin Rusiya, Qərb və digər ölkələrin mətbuatı ilə bağlı xüsusi proqramı olmalıdır. Azərbaycan diasporu konkret işlər görməli, maliyyə xərcləməlidir. Azərbaycan jurnalistikası ermənilərdən qat-qat güclüdür. Sadəcə, biz öz qiymətimizi bilmirik. O fikirlə razı deyiləm ki, bizim jurnalistlər Rusiyada tanınmır. Bu ölkənin nüfuzlu mətbuatına şərhlər verən bir qələm əhli kimi deyirəm ki, biz ermənilərdən çox tanınırıq. Sadəcə, bir xalq olaraq bu məsələdə yekdillik nümayiş etdirmirik”.

“İhlas” Xəbər Agentliyinin Fuad Abbasovu işdən azad etməsinə gəlincə, Azər Rəşidoğlu hesab edir ki, bu fakt özlündə rüsvayçılıqdır və burada Rusiya və erməni lobbisinin barmağı açıq görünür: “Fuad Abbasov kimi dəyərli ziyalılara sayğı göstərməli, onu müdafiə etməliyik. Bu, bir jest olardı və azərbaycanlı jurnalistlər anlayardı ki, onun arxasında cəmiyyət dayanır və o, yalnız deyil”.

O, Fuad Abbasovla bağlı səslənən ittihamlara da münasibətini açıqladı: “Önə çıxanın ayağından çəkmək, ona badalaq vurmaq bizim köhnə xəstəliyimizdir. Əslində, Fuad özü də belə ittihamlara hazır idi və o, ədaləti müdafiə edirdi, buna görə kiminsə təşəkkürünü də gözləmirdi. Kimin hansı əqidədə olmasının nə önəmi var ki? Milli maraqlarımızı müdafiə edən insanlarımız bizə əzizdir və onları müdafiə etməliyik.
Fuad Abbasov və Rauf Mirqədirov kimi jurnalistlərə şərait yaratmaq lazımdır ki, rus mətbuatına çıxa bilsin və erməni yalanını ifşa etsin”.


Elçin Mirzəbəyli: “Azərbaycanlıların bu debatlara qatılması düzgün deyil”

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli qeyd etdi ki, Rusiya rəsmilərinin və bəzi ekspertlərin nə deməsindən asılı olmayaraq, bu ölkədəki telekanalların vahid bir mərkəzdən idarə olunduğunu sübuta yetirməyə ehtiyac yoxdur: “Rusiyada təhsil alan və bu ölkədəki prosesləri yaxından izləyən bir siyasətçi və jurnalist kimi rus xalqının psixologiyasına, mentalitetinə, dünyagörüşünə yaxşı bələdəm. Rusiya telekanalları ölkənin xarici siyasəti və ümumiyyətlə çoxşaxəli maraqları ilə bağlı təşkil olunan bütün debatlarda və digər TV proqramlarda birmənalı olaraq rəsmi Moskvanın, Kreml texnoloqlarının müəyyənləşdirdiyi xətt üzrə hərəkət edirlər. Təqdimatda, xüsusi önəm kəsb etməyən məsələlərdə qərəzsiz və tərəfsiz görünmək üçün fərqliliklər ola bilər. Lakin bu fərqliliklərin manevr imkanları müəyyənləşdirilmiş siyasi xəttə qədərdir.

Onu da qeyd edim ki, Rusiya telekanalları debatların təşkilində kifayət qədər peşəkar davranmağa, bütün tərəflərə öz mövqelərini ifadə etməyə imkan verməyə çalışırlar. Amma təbii ki, üstünlük hər zaman Rusiyanın maraqlarını ifadə edən tərəfə verilir. Debatlarda onların sayı digər tərəfdən daha çox olur, onlara öz fikirlərini ifadə etməyə daha geniş imkanlar yaradılır. Aparıcılar əks mövqedə dayanan insanları təxribata çəkməyə çalışır, onlarla jurnalist kimi deyil müstəntiq kimi davranırlar. Belə debatları təşkil edən telekanalları prosesdən daha çox nəticə maraqlandırır. Buna görə də, debata dəvət etdikləri əks qütbdə dayanan insanlar barədə öncədən məlumat əldə edir, onların zəif nöqtələrini müəyyənləşdirir və debat zamanı da məhz həmin nöqtələrdən vurmağa cəhd göstərirlər.

Onun fikrincə, debatlarda məqsəd birmənalı şəkildə Azərbaycan əleyhinə rəy formalaşdırmaqdan ibarət idi:

“Çoxlu sayda ermənipərəst və erməni əsilli rus siyasətçi və ekspertlərinin qatıldığı debatlara, adətən, bir azərbaycanlı dəvət olunurdu. Məqsədyönlü şəkildə elə bir şərait yaradılırdı ki, studiyada ağız deyəni qulaq eşitməsin. Həmin o bir nəfər azərbaycanlıya qarşı psixoloji təzyiq maksimum həddə çatdırılırdı ki, səhvə yol verilsin və onlar da bu səhvdən istifadə edərək öz məqsədlərinə nail olsunlar. Disbalans şübhəsiz ki, məqsədyönlü şəkildə yaradılır”.

“Fuad Abbasov ciddi səhvə yol verdi”

E.Mirzəbəyli Rusiya telekanallarında təşkil olunan belə debatlara qatılmamağın tərəfdarıdır: “Çünki bu halda Rusiya telekanalları 2 önəmli üstünlük qazanırlar. Birincisi, özlərini bu prosesin hakimi kimi nümayiş etdirir, konkret halda studiyanı, ümumiyyətlə isə Rusiyanı münaqişələrin həll edildiyi, dialoqa imkan yaradıldığı məkan kimi təqdim edirlər. Beynəlxalq müstəvidə tənzimlənən istənilən məsələ Rusiya müstəvisinə çəkilir. Prosesin texnoloqları münaqişənin yalnız Rusiya tərəfindən həll edilə biləcəyi təəssüratını yaratmağa çalışırlar. Yəni situasiyanın sahibi Rusiyadır və Rusiya olmasa qan dizə çıxar.

İkincisi isə bu debatlarda əks mövqeni ifadə edən 1 nəfərin belə iştirakı Rusiya telekanallarına tərəfsizliklərini iddia etmək imkanı qazandırır və onlar xüsusi həyasızlıqla müzakirələrin obyektiv aparıldığını və bütün tərəflərə öz mövqeyini müdafiə etmək imkanının tanındığın deyə bilirlər.

Məhz bu səbəbdən, hesab edirəm ki, nəticəsi öncədən bəlli olan debatlara qatılmaq lazım deyil. Fuad Abbasovun da qatıldığı debata diqqət yetirək. Rusiyanın ictimai kanalında təşkil olunan debata Fuad Abbasov Azərbaycan tərəfinin təmsilçisi kimi dəvət olunmuşdu. Amma prinsip etibari ilə Fuad Abbasov Azərbaycanın deyil, Türkiyənin təmsilçisidir və onun debata dəvət olunmasında da incə bir məqam var. “Vremya pokajet” (“Zaman göstərər”) tok-şousunun müəllifləri Fuad Abbasovu Türkiyə ilə Rusiya arasında yaranmış təyyarə böhranı ilə bağlı kifayət qədər yaxşı tanıyırdılar və bilirdilər ki, Fuad Abbasov debatın gedişində istər-istəməz Türkiyə amilini qabardacaq. Bildiyiniz kimi, ermənilər və Rusiyadakı ermənipərəst dairələr cəbhə xəttində baş verən son hadisələrin Türkiyə tərəfindən stimullaşdırıldığını iddia edir və bununla da rus ictimaiyyətində qıcıq yaratmağa çalışırlar.

Təyyarə olayından sonra Rusiyada aparılan təbliğat nəticəsində Türkiyə qarşı aqressiyanın olduğu kimsəyə sirr deyil. Debatda da istər aparıcılar, istərsə də erməni ekspertlər və onların havadarları Fuad Abbasovu bu istiqamətə çəkirdilər və istəklərinə də nail oldular.

Təzyiqlərə hazırlıqlı olmayan Fuad Abbasov dedi ki, əgər Putin Ərdoğanın görüş təşəbbüslərinə müsbət cavab versəydi, o zaman Qarabağda baş verən son hadisələr də olmayacaqdı. Bu, çox ciddi bir səhv idi. Təbii ki, bu məqamda Fuad Abbasovun Türkiyənin İhlas xəbər agentliyinin təmsilçisi olduğunu deyib məsələdən yayınmağa cəhd göstərmək olardı.

Amma onun azərbaycanlı olduğu məqsədyönlü şəkildə qabardıldı. Elə Fuadın özü də buna imkan yaratdı. Kimsənin vətənsevərliyinin üzərinə kölgə salmaq istəmirəm. Amma analitik təfəkkürə, sağlam məntiqə, manevr imkanlarına söykənməyən vətənpərvərlik əksər hallarda ziyan gətirir”.

Elçin Mirzəbəyli onu da əlavə etdi ki, Azərbaycanda istənilən debatda və istənilən təxribata cavab verməyi bacaran siyasətçilər, politoloqlar var: “Sadəcə bu insanların Rusiya telekanallarında keçirilən debatlara dəvət ediləcəyinə inanmıram. Rusiyadakı azərbaycanlı iş adamları, imkanlı və nüfuzlu diaspor nümayəndələri özlərinə bəlli olan vasitələrlə azərbaycanlı ekspertlərə belə bir imkan yarada bilərlər. Amma onlar bunu istəyirlərmi? Bu sualın cavabını isə mən verməli deyiləm”.


Əvəz Həsənov: “Bizim ekspertlər qlobal düşünməyi bacarmadığından rus mediasına çıxış tapa bilmirlər”

Hüquq müdafiəçisi Əvəz Həsənov söylədi ki, Rusiyada efirə hörmət olunacaq və müəyyən alternativ mövqeyi olan ekspertlər buraxılmadığından belə debatlara baxmaq onun üçün maraqsızdır: “Lakin, bu, o demək deyil ki, biz bu debatlara biganə qalmalıyıq. Onu izləməli, çalışmalıyıq ki, həmin debatlarda mümkün qədər çox, səviyyəli, Rusiya və Ermənistan cəmiyyətində tanınan adamlar qoşulsunlar. Həmin debatlara gedənlər rusiyalı və erməni ekspertlərin fikirlərinə opponentlik etməklə yanaşı Azərbaycanın haqq işini göstərə, ölkəmizin mövqeyi ilə yanaşı ümumi mədəni dəyərləri belə bizə qarşı birləşən auditoriyaya çatdıra bilsinlər”.

Onun sözlərinə görə, azərbaycanlı mütəxəssisləri Rusiyada çox az tanıyırlar: “Bunun səbəbi müxtəlifdir. Əsas səbəbi odur ki, bizim mətbuatımızı Rusiyada az oxuyurlar. Bizim ekspertlərin fikirləri yalnız daxili bazara yönəldiyindən onu sərhədlərindən kənarda heç kimi maraqlandırmır.

Ekspertlərimiz öz danışıqlarında beynəlxalq konteksti nəzərə almırlar. Ona görə də onlar ciddi qəbul edilmir. Bu, həm ölkə daxilində, həm də ölkə xaricində hiss olunur.

Azərbaycanlı ekspertlərin ingilis dili problemi olduğuna görə onlar beynəlxalq ekspertlər ilə rəqabətdə uduzurlar.

Amma Moskvada rus dilindən istifadə olunur və rusdilli ekspertlərimiz də az deyil. Nədən onlar rus mediasına çıxış tapa bilmirlər? Çünki bizim ekspertlər qlobal düşünməyi bacarmır və məmur düşüncəlidirlər. Rusiyada azərbaycanlı jurnalistlər barmaqla sayılacaq qədərdir. Onların az olmasının səbəbi odur ki, Rusiya cəmiyyətində yer tutan iş adamları və diaspor onlarla işləmir. Azərbaycanlılar bir-birinə kömək etməkdə heç maraqlı deyillər”.

Əvəz Həsənov söylədi ki, Rusiya kanallarından birində ekspert qismində çıxış etmək təklifi alsa da, sonradan bilinməyən səbəbdən imtina xəbərini eşidib: “Cəbhədə hərbi əməliyyatlar zamanı RBK kanalında Qarabağla bağlı veriliş hazırlanırdı. Verilişin aparıcısı mənimlə əlaqə saxlamışdı ki, skaypla sizi verilişə qoşacağıq. Bütün texniki məsələləri həll edib məni bütün veriliş boyu telefonda gözlətdilər. Bəlli oldu ki, eyni anda məni yox, Ermənistandan erməni eksperti efirə qoşdular. Studiyada olan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu soruşmadı ki, “nədən Azərbaycandan bir nəfər ekspertin fikrini öyrənmədiniz?”.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər