14 Aprel 2016 18:02
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Hikmət Babaoğlu Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibə verib.

Teleqraf.com xəbər verir ki, deputatla müsahibə əsasən aprelin əvvəllərində cəbhə xəttində baş verən hərbi əməliyyatlarla yanaşı informasiya müharibəsini əhatə edib.

Millət vəkili qeyd edib ki, hadisələrin fonunda ölkəmizdə milli birlik yaranıb, medianın fəaliyyəti qənaətbəxş olub.

Onun fikrincə, bu cür situasiyalarda ölkədaxili siyasi və ictimai institutların mövqeyi daha aydın şəkildə aşkar olur:

“Özünü siyasi partiya qismində görən təşkilatların və ya özünü Azərbaycan milli mediasına aid hesab edən ayrı-ayrı mətbu orqanların məhz bu cür prinsipial məqamlarda fəaliyyəti, yaxud fəaliyyətsizliyi onları obyektiv qiymətləndirmək üçün bir daha Azərbaycan cəmiyyətinə yeni şans yaratmış oldu.

Xüsusilə, bu proseslərin fonunda onun şahidi olduq ki, AXCP sədri Əli Kərimli yenə öz ampluasında qalaraq milli maraqların qorunmasının vacib olduğu məqamlarda ermənilərlə sinxron hərəkət etdi. Bir sözlə, Əli Kərimli Ermənistanın apardığı informasiya müharibəsində açıq şəkildə düşmən tərəfinə xidmət göstərdi.
Bütövlükdə, Azərbaycan cəmiyyəti ölkənin milli maraqları ətrafında sıx birləşib, həyata keçirilən siyasəti dəstəkləyir.

Ali Baş Komandanın əmrinə hər bir Azərbaycan vətəndaşı müntəzirdir. Ona görə də bu güc anti-Azərbaycan, ermənipərəst və islamafob dairələri təşvişə salır. Bu səbəbdən Əli Kərimli kimilərindən bu həmrəyliyi, birliyi pozmaq üçün istifadə etməyə çalışırlar.

Sadalananlarla yanaşı, bu mərhələdə bəzi media qurumları uzun müddətdir ki, gündəmə gətirmədikləri məsələləri aktuallaşdırmaqla daxili təxribat törətməyə çalışdılar. Bəzi yüksək çinli məmurlarla bağlı böhtan xarakterli informasiyalar yaymağa başladılar ki, son məqsəd milli həmrəyliyi pozmaq idi. “Azadlıq” qəzeti, Azadlıq radiosu, “Meydan TV” kimi media strukturları Azərbaycana qarşı, bir növ, daxili informasiya diversiyası həyata keçirməyə çalışdılar. Lakin bu baş tutmadı, onlar Azərbaycan cəmiyyətinin ictimai qınağına tuş gəldilər. Məhz bundan sonrakı mərhələ isə həmin qüvvələrin hüquqi müstəvidə məsuliyyətə cəlb olunmalarıdır. Bir sözlə, təxribat xarakterli hərəkətlərin heç biri nəticə vermədi və Azərbaycan dövləti və cəmiyyəti öz haqlı mövqeyini ortaya qoyaraq gücünü bir daha nümayiş etdirdi”.

Cavad


Müəllif:

Oxşar xəbərlər