Üzv olduğumuz ilk beynəlxalq təşkilatla ortaq dəyərlərə söykənən münasibətlərimiz bu gün real, praqmatik səciyyə daşımağı ilə diqqəti cəlb edir
Aprelin 14-də İstanbulda öz işinə başlayan, 30-dan çox dövlət başçısının iştirak etdiyi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII sammiti bu gün də öz işini davam etdirir. Sammitdə Prezident İlham Əliyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edir.
Üzv olduğumuz ilk beynəlxalq təşkilat
Qeyd edək ki, Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyni əldə etdikdən sonra onun üzv olduğu ilk beynəlxalq təşkilat İƏT-dir. Azərbaycanın İƏT-lə əməkdaşlıq münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət kəsb edir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq həmin vaxt İslam Konfransı Təşkilatı (İKT) , hazırda isə İƏT adlanan bu təşkilata üzv olmaq barədə müraciət edib və 1991-ci ilin dekabrında quruma üzv seçilib.
Ad dəyişikliyindən keyfiyyət dəyişikliyinə
2011-ci ilin iyun ayınadək İKT adlanan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) 1969-cu ildə müsəlman ölkələri dövlət və hökumət başçılarının Rabatda (Mərakeş) keçirilən konfransında yaradılıb. Təşkilatın nizamnaməsi 1972-ci ildə qəbul olunub. İƏT regional təşkilat deyil. O, müxtəlif coğrafiyalarda yerləşən müsəlman ölkələrini birləşdirir. Nizamnaməsinə uyğun olaraq İƏT-in üzvləri yalnız müsəlman ölkələri ola bilərlər. Lakin bu o demək deyil ki, İƏT dini təşkilatdır. İƏT tipik beynəlxalq təşkilat olmaqla, onlara məxsus olan bütün səciyyəvi xüsusiyyətləri özündə birləşdirir. O, mühüm beynəlxalq məsələlər üzrə müsəlman ölkələrinin mövqeyinin yaxınlaşdırılması və onların siyasətlərinin əlaqələndirilməsi məsələlərini həll edir. Ümumi şəkildə İƏT-in məqsədi islam ölkələri arasında sosial, mədəni, iqtisadi və elmi sahələrdə əməkdaşlığı və beynəlxalq təşkilatlarda onların birgə hərəkətini təmin etməkdir. Hazırda İƏT-ə 57 müsəlman ölkəsi, o cümlədən keçmiş SSRİ respublikalarından Azərbaycan, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildir. Rusiya Federasiyası, Bosniya və Herseqovina, Mərkəzi Afrika Respublikası, Tailand və Kuzey Kıbrıs Türk Cümhuriyyəti İƏT-in işində müşahidəçi qismində iştirak edir.
Maraqlıdır ki, Belerus prezidenti Aleksandr Lukaşenko budəfəki sammitdə iştirak edərək ölkəsinin İƏT-də müşahidəçi dövlət statusu almaq niyyətini bildirib. Çox böyük ehtimalla İƏT ölkələri Belarusa “yaşıl işıq” yandıracaqlar. Bundan əlavə, bəzi ölkələrin müsəlman icmaları, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri İƏT yanında müşahidəçi statusuna malikdir. İƏT BMT-dən sonra dünyada ən iri beynəlxalq təşkilatdır. Hazırda İƏT-ə daxil olan üzv-ölkələrdə dünya əhalisinin beşdə biri - təxminən 1,5 milyard adam yaşayır. Dünya neft ehtiyatının 70, qaz ehtiyatının isə 50 faizi İƏT-ə üzv olan ölkələrdə cəmləşib. İƏT-in iqamətgahı müvəqqəti olaraq Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşir. 2011-ci ilin iyun ayında Qazaxıstanın paytaxtı Astanada keçirilən İKT xarici işlər nazirlərinin 38-ci sessiyasının Xarici İşlər Nazirləri Şurasının qərarı ilə təşkilatın adı İslam Əməkdaşlıq Təşkilatına (İƏT) dəyişdirilib.
Hər tədbirində Azərbaycana böyük dəstək
İƏT yeganə beynəlxalq təşkilatdır ki, onun bütün tədbirlərində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycana böyük dəstək ifadə olunur. İƏT-lə Azərbaycan arasında çox sıx, fəal əməkdaşlıq əlaqələri var. İƏT Azərbaycan xalqının mənafeyini, haqq işini ən çox dəstəkləyən təşkilatlardan bəlkə də birincisidir. Bu təşkilat Azərbaycanın bütün problemləri, ən əsas da Qarabağ problemi ilə yaxından tanışdır və bütün mümkün köməkliyi, mümkün əməkdaşlığı edir. İƏT-in, habelə onun strukturlarından biri olan Parlament İttifaqının elə bir konfransı, tədbiri, ali toplantısı olmur ki, həmin tədbirin yekun sənədində, bəyannaməsinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli müddəalar salınmasın. Hər bir sənəddə Azərbaycanın ərazi bütövlüyü mütləq birmənalı şəkildə dəstəklənib. Bütün üzv dövlətlərə müraciət olunub ki, işğalçı ilə bütün əlaqələri kəssinlər, Ermənistana silah-sursat satılmasın. Eyni zamanda hər dəfə yekun bəyannamə yanaşı ayrıca qətnamə də qəbul olunub. Bu qətnamələr ya birbaşa münaqişə ilə bağlı olub, ya da münaqişənin törətdiyi ayrı-ayrı fəsadlara həsr olunub. Məsələn, işğal olunmuş Azərbaycan torpaqlarında İslam mədəni abidələrinin, məscidlərin, məqbərələrin, türbələrin dağıdılmasının yolverilməzliyi və digər məsələlər barədə çoxsaylı qətnamələr qəbul olunub.
Budəfəki sammit də istisna deyil
İƏT-in qurucu üzvlərindən olan Türkiyənin ev sahibliyi etdiyi XIII sammit “Ədalət və sülh üçün birlik və həmrəylik” devizi altında keçirilir. Bu sammit İslam dünyasının layiq olduğu ədalətə və sülhə təhlükə yaradan mövcud problemlərin həll edilməsi, risklərin və təhdidlərin qarşısının alınması yollarının tapılması ilə bağlı İslam aləmində birlik və həmrəyliyə ehtiyac yarandığı bir dövrdə təşkil olunub.
Sammitdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycana dəstək ifadə olunub. Belə ki, açılış sessiyasında çıxış edən təşkilatın baş katibi İyad bin Amin Mədəni təcavüzkar Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasətini pisləyərək deyib: “Ermənistanın Dağlıq Qarabağda işğalı davam etməkdədir. Biz problemin Birləşmiş Millətlər Təşkilatının münaqişə ilə bağlı qərarlarına uyğun olaraq həllini istəyirik. Azərbaycan dövlətinin beynəlxalq aləmdə tanınan sərhədlərinin və suverenliyinin bərpasının, bölgədə sülhün və təhlükəsizliyin bərqərar edilməsinin vacibliyini düşünürük”.
Müsəlman ölkələrindəki qarşıdurmaların tezliklə həll olunmasını müasir dünyanın qarşısında duran əsas vəzifə olduğunu deyən baş katib diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həll olunmalıdır. O qeyd edib ki, İƏT problemin həllində Azərbaycana dəstəyini davam etdirəcək. Baş katib əminliklə vurğulayıb ki, İƏT-in İstanbul Sammiti digər müsəlman ölkələrindəki münaqişələr kimi, Dağlıq Qarabağ problemi barədə də ədalətli və qətiyyətli mövqe nümayiş etdirəcək.
Türkiyənin baş naziri Əhməd Davudoğlunun adından sammit iştirakçılarının şərəfinə verilən nahar zamanı isə qardaş ölkənin baş naziri İslam dünyasına məxsus bütün işğal edilmiş ərazilərin, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tezliklə işğaldan azad olunması ilə bağlı ortaq mövqedən çıxış edilməsinin vacibliyini bildirib.
Azərbaycan borclu qalmır
Şübhəsiz ki, İƏT-in Azərbaycana verdiyi dəstək bilavasitə rəsmi Bakının yürütdüyü siyasətlə bağlıdır. Azərbaycanın yürütdüyü siyasətdə İslam həmrəyliyinə böyük önəm verilir. Azərbaycanın müsəlman ölkələri ilə münasibətləri sözlə məhdudlaşmır, bu, özünü əməldə də əyani şəkildə nümayiş etdirir. Prezident İlham Əliyev də sammitin birinci sessiyasında bunu bəyan edərək deyib: “Azərbaycan İslam ölkələri ilə əməkdaşlığı prioritet hesab edir. Son illər ərzində Bakıda İƏT-ə üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü olmuşdur. Mən İƏT-in qarşılıqlı dəstək və həmrəylik yolunda fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün dünyada islamofobiya ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qətiyyətlə pisləyirik. Əslində İslam sülh, mərhəmət, dözümlülük, ədalət dinidir. İslamı terrorla eyniləşdirmək isə səhv və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən elə müsəlman ölkələridir”.
Prezident Azərbaycanın mütəmadi olaraq mədəniyyətlər və dinlərarası dialoqa öz töhfəsini verdiyini vurğulayıb: “Aprelin sonunda biz BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu keçirəcəyik. Azərbaycan İslam ölkələri arasında həmrəyliyə böyük əhəmiyyət verir. 2017-ci ildə IV İslam Həmrəylik Oyunları Bakıda keçiriləcəkdir. Bu münasibətlə mən sizin hamınızı bu oyunları seyr etmək üçün Bakıya dəvət edirəm. İnanıram ki, bu tədbir İslam aləmində sülhün və həmrəyliyin möhkəmlənməsinə xidmət edəcək”.
Ölkəmizin iştirakına böyük önəm verilib
Onu da qeyd etməliyik ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti böyük hörmət və ehtiramla qarşılanıb, ölkəmiz sammitdə yüksək səviyyədə iştirak edib. Belə ki, açılış sessiyasında cəmi üç ölkələr qrupu – Asiya, ərəb və Afrika ölkələri qrupları adından çıxışlar dinlənilib. Bəhreyn, Bruney, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Qazaxıstan, Pakistan, Fələstin, Əfqanıstan, İndoneziya, Malayziya, Banqladeş, İordaniya, Livan, Oman, Özbəkistan, Tacikistan, Qırğızıstan, Maldiv adaları, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Türkmənistan, Suriya, İraqın daxil olduğu Asiya qrupu adından məhz Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın səfərin ilk günündən etibarən ən yüksək səviyyədə qarşılanması da diqqət çəkən detallar sırasındadır.
Səxavət HƏMİD