15 Aprel 2016 17:35
1 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin vaxtı açıqlanandan sonra deputatlığa iddialar ortaya çıxıb.

Aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyevin 90 saylı seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncamında seçkilərin 2016-cı ilin iyunun 18-nə təyin olunduğu qeyd edilib.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası (MSK) 2015-ci ilin noyabrın 17-də keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsində qeydə alınmış deputatlığa namizədlərin müraciəti əsasında həmin dairədəki məntəqələrdə səsvermə günü ciddi pozuntulara yol verildiyi üçün seçkilərin nəticələrini ləğv edib.

Sözügedən dairə üzrə lider namizəd IV çağırış Milli Məclisin deputatı, “AGBank” Müşahidə Şurasının sədri Çingiz Əsədullayev olub.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) ötən il noyabrın 1-də keçirilən seçkilərdə Mədəniyyət və Turizm Nazirliyinin Ağdaş Rayon Mədəniyyət və Turizm Şöbəsinin baş məsləhətçisi İlqar Vəliyevin namizədliyini irəli sürmüşdü. İlqar Vəliyevdən başqa partiya mənsubluğu olan heç kəsin namizədliyi qeydə alınmamışdı.

Ağdaş bələdiyyəsinin sədri Qalib Qarayev, əvvəlki seçkilərdə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədr müavini olmuş Çingiz Əsədullayev və daha iki bitərəf şəxs mübarizə aparmışdı.

MSK iclas keçirəcək

MSK Katibliyinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib ki, Azərbaycan Prezidentinin sərəncamı ilə 90 saylı Ağdaş seçki dairəsində təkrar seçkilərin günü təyin olundu və sabah MSK-da bununla bağlı iclas keçiriləcək. O bildirib ki, Mərkəzi Seçki Komissiyası Prezident İlham Əliyevin 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncamına uyğun olaraq müvafiq addımlar atacaq.

Azərbaycan Respublikası Seçki Məcəlləsində 176-cı maddədə göstərilir ki, əlavə seçkilər keçirilərkən birmandatlı seçki dairəsi üzrə namizədlərin irəli sürülməsi, onların qeydə alınması, digər seçki hərəkətləri bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir.

Teleqraf.com siyasi partiyalara 90 saylı Ağdaş seçki dairəsində aparılacaq mübarizə üçün namizədini irəli sürüb-sürməyəcəyi barədə sorğu keçirib.

Namizədi YAP İdarə Heyəti təyin edəcək

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, bu məsələ partiya rəhbərliyində hələ müzakirə olunmayıb.

“YAP yenə də ötən seçkilərdəki namizədi İlqar Vəliyevin üzərində dayanacaq” sualına S.Novruzov belə cavab verib: “Yaxın günlərdə İdarə Heyətində məsələ müzakirə edilib qərar veriləcək”.

Müsavat başqanının müavini: “Seçkilərdə iştirak edəcəyimiz inandırıcı görünmür”

Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov ehtimal edir ki, təmsil olunduğu partiya 90 saylı dairə üçün namizəd irəli süməyəcək: “Hələ məsələ Müsavatda müzakirə edilməyib. Düzdür, müzakirə olunmadığı halda partiya adından danışa bilmərəm, amma, çox güman ki, bu barədə müzakirə aparılmayacaq. O dairədə seçkilərdə iştirak edəcəyimiz inandırıcı görünmür”.

BAXCP-də hələ namizəd olmaq istəyən yoxdur

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) da bu barədə müzakirə aparmayıb. Partiya sədrinin müavini Elçin Mirzəbəyli söyləyib ki, təkrar seçkilərlə bağlı qərar partiyanın İdarə Heyətinin toplantısının keçirildiyi dövrə təsadüf etməyib: “Bununla bağlı əlahiddə toplantı çağırılmasını da məqsədəuyğun saymadıq. Düşünürəm ki, aprelin 18-də partiyanın İdarə Heyətinin toplantısında bu məsələ ilə bağlı müzakirələr aparıla bilər. Hələlik partiya yoldaşlarım və rəhbərlikdə təmsil olunan insanlar seçkidə iştirak etmək barədə öz istəyini bildirməyib, faktiki olaraq belə bir müraciətlə tanış deyiləm. Kiminsə belə bir arzusu olarsa, İdarə Heyəti müvafiq qərar verə bilər”.

Özünün namizədliyinə gəlincə, o, belə bir istəyinin olmadığını deyib: “Mən bir partiya funksioneri olaraq tək öz arzu və istəklərimi deyil, həm də partiya maraqlarını ifadə edirəm. Bütün bu məsələlər BAXCP-nin müvafiq orqanlarında müzakirə edilib vahid qərar qəbul olunacaq. Məqsədəuyğun hesab etsək, partiya rəhbərliyində olan insanlardan hər hansı birinin namizədliyini irəli sürəcəyik. Əks təqdirdə belə bir qərar olmayacaq”.

AMİP-də də müzakirə aparılmayıb

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayev deyib ki, 90 saylı dairədə təkrar seçkinin keçirilməsi ilə bağlı qərar yeni verildiyindən hələ məsələ partiyanın müvafiq strukturlarında müzakirə olunmayıb: “Yəqin, yaxın günlərdə bu məsələ ilə bağlı qərar verəcəyik. Söhbət partiya olaraq həmin dairədə seçki marafonuna qatılmaqdan gedir. Bu, ölkə üzrə keçirilən seçki kampaniyası deyil, yalnız bir dairə üzrə keçirilən seçkidir, hesab edirəm ki, əgər həmin dairədən özünü namizəd kimi görən partiya üzvümüz olacaqsa, AMİP bu istəyə müsbət reaksiya verəcək”.

E.Mustafayev özünün namizəd olma imkanına da toxunub: “AMİP-in Ağdaşda güclü yerli təşkilatı, şəxsi zəmində isə özümün həmin dairə ərazisində geniş əlaqələrim var. Bununla belə bu seçkiyə qatılıb-qatılmayacağımla bağlı hələ dəqiq cavab verə bilmərəm. Yəqin ki, bəzi dəyərləndirmələrdən sonra bu barədə özüm üçün qərar verəcəyəm”.

VİP qərarını bazar günü açıqlayacaq

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev təkrar seçkilərlə bağlı qərar yeni verildiyi üçün hələ partiyada bu barədə müzakirələrin aparılmadığını qeyd edib: “Bazar günü Siyasi Şuranın iclası olacaq, orada münasibətimizi ifadə edəcəyik. Bizim partiyanın parlament seçkiləri ilə bağlı qərarı kollegial qurumlarda qəbul olunur. İstəyim partiyanın ümumi qərarı formalaşandan sonra ortaya çıxa bilər. Təbii ki, müzakirə zamanı fikrimizi açıqlayacağam”.

KXCP : “Dairənin imkanlarını təhlil edəcəyik”

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu söyləyib ki, məsələ seçki qərargahı ilə bağlı olan məsələdir və hələ ki bu haqda müzakirə getməyib: “Yəqin, konkret olaraq 90 saylı seçki dairəsinin imkanlarını yoxlayacağıq, lazım gələrsə, KXCP üzvünün namizədliyi ilə əlaqədar hər hansı formada qərar verəcəyik. Bu, araşdırma tələb edən məsələdir, dairənin imkanlarını təhlil edəcəyik. Rayon şöbəmizlə məsləhətləşməmiz olacaq”.

ALP təkrar seçkiyə qatılmayacaq

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan isə suala konkret cavab verib. O, rəhbərlik etdiyi partiyadan heç bir namizədin təkrar seçkiyə qatılmayacağını deyib.

REAL İlqar Məmmədovun namizədliyini verəcək

Sorğu keçirdiyimiz siyasi təşkilatlar içərisində yalnız Respublikaçı Alternativ (REAL) Hərəkatı qərarını verib. Hərəkatın İdarə Heyətinin üzvü Natiq Cəfərli bildirib ki, REAL 90 saylı seçki dairəsindən təşkilatın sədri İlqar Məmmədovun namizədliyini irəli sürəcək: “Fikrimcə, Ağdaşda gözəl kampaniya apara bilərik”.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər