17 İyun 2014 12:27
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mübariz Qurbanlı: “İstəyir ki, mətbuat ondan yazsın”

“Leyla Yunusun bu hərəkətini hətta NATO-nun nümayəndələri də təqdir etmədi. Bu, anormal hərəkətdir. Leyla Yunusun xarakterinə, Azərbaycanın milli maraqlarına zidd əməllərinə uyğun bir addımdır. YAP da bunu pisləyir”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı NATO Parlament Assambleyasının “Cənubi Qafqaz:çağırışlar və imkanlar” adlı 86-cı “Rose-Routh” seminarında hüquq müdafiəçisi Leyla Yunusun pankart açmasına münasibət bildirərkən deyib.

Xatırladaq ki, L.Yunus seminar keçirilən “Four Season” hotelinin foyesində həbsdə olan NİDA-çılar, Müsavat funksionerləri Tofiq Yaqublu və Yadigar Sadıqov, REAL sədri İlqar Məmmədovun fotolarının əks olunduğu plakat açıb və tədbir iştirakçılarına Azərbaycanda 130-dan çox “siyasi məhbus” olduğunu söyləyib.

M.Qurbanlı L.Yunusun yaratdığı yeni müqavimət hərəkatının mənasız bir şey olduğunu da bildirib: “Leyla Yunusun arxasında dayaq, hansısa bir dairə və çevrə varmı? Yalançı bir şey yaradır, adını qoyur, orada onun özündən başqa bir adam varmı? Mənasız bir şeydir. Belə şeylərdə media işçiləri diqqətli olmalıdır. Onun yaratdığı hansısa təşkilat barədə geniş məlumatın yayılmasına ehtiyac belə yoxdur. O, özü istəyir ki, mətbuat ondan yazsın, cəmiyyətə özü barədə informasiya ötürülməsində maraqlıdır. Yaxşı olardı ki, onun fəaliyyəti barədə heç yazılmasın”.

M.Qurbanlı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərini də şərh edib. Onun fikrincə, Rusiya XİN başçısının Azərbaycana səfəri normal münasibətlər çərçivəsində olan səfərdir: “Burada hansısa ajiotaj yaratmağa ehtiyac yoxdur. Qonşu ölkələrik, bizim xarici işlər nazirimiz Rusiyaya səfər edir, Rusiya XİN başçısı ölkəmizə gəlir. Görünür, yüksək səviyyəli bu və ya digər məsələlərin ikitərəfli qaydada müzakirəsinə ehtiyac yaranıb”.

Kəmalə


Müəllif: