18 Aprel 2016 10:59
1 572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş Həmrəyliyi Partiyasının təşkilatçılığı ilə Qarabağ mövzusunda keçirilən tədbirin gizlinləri üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) toplantıdan narazı qalıb.

Bu tədbirdə AXCP-ni sədrin müavini Nurəddin Məmmədli təmsil edib. Lakin tədbirdən sonra bəlli olub ki, Nurəddin Məmmədlinin çıxışı mediada yer almayıb.

Daha doğrusu, tədbirdə videoçəkiliş aparılıb və materiallar işıqlandırılıb. Bəlli olub ki, bu materiallarda Nurəddin Məmmədlinin çıxışı yer almayıb.

Bundan dərhal sonra AXCP sədrinin müavini Nurəddin Məmmədli tədbirdə etdiyi çıxışın mətnini Feysbukda yayıb.

Bununla da narazılıq ifadə olunub.

Onun yaydığı çıxışın şərhlər hissəsinə müxtəlif fikirlər yazılıb və bu fikirlərin bir çoxu tənqid və təhqir üslubunda olub.

Məsələyə VHP Ali Məclisinin sədri Rafiq Manaflı reaksiya verib.

O, sosial şəbəkədə bununla bağlı mövqeyini açıqlayıb:

“VHP-nin qərargahında son günlər Qarabağda baş verənlərlə bağlı tədbir keçirilib. Tədbirə bir çox partiyalar dəvətli olub, o cümlədən Müsavat Partiyası. Müsavat Partiyasının mətbuat xidməti tədbirdə videoçəkiliş aparıb və öz maraqları prizmasından material yayıb. Bunun VHP-yə və Sabir Rüstəmxanlıya nə dəxli var, onu anlaya bilmirəm.

Tədbirin təşkilatçılarının səhvi ondadır ki, gərək özləri çəkiliş təşkil edəydilər. Yazılı məlumat hazırlanır və yayılacaq. Mən o tədbirdə iştirak etməmişəm, amma məlumatıma görə Nurəddin Məmmədlidən də sərt çıxış edənlər olub. Əksər çıxışçılar, xüsusilə Sabir Rüstəmxanlı Əli Kərimlinin həyətində baş verənlərə etiraz edib”.

Qeyd edək ki, sözügedən tədbirdə Müsavat Partiyasının sədri Arif Hacılı, sabiq başqan İsa Qəmbər çıxış edib. Eləcə də Müsavata yaxın bir neçə partiya sədrinin də çıxışı olub.

Lakin hazırlanan videomaterialda Nurəddin Məmmədlinin çıxışı olmayıb. Bu isə AXCP-də qıcıq doğurub. Odur ki, cəbhəçilər sosial şəbəkələrdə bununla bağlı ironik münasibətlər ifadə ediblər.

Görünən budur ki, Müsavat Partiyası AXCP-VHP münasibətlərində problem yaradıb. Üstəlik VHP-nin mövqeyini partiyanın ikinci adamı Rafiq Manaflı ifadə edib.

R.Manaflı həm də Milli Şuranın Koordinasiya Mərkəzinin üzvüdür. Başqa sözlə, Müsavat həm də Milli Şuranın üzvləri arasında problem yaradıb.

Qeyd edək ki, yaşanan bu narazılıqla bağlı Müsavat Partiyasının reaksiyası müşahidə edilməyib.

Cavad


Müəllif:

Oxşar xəbərlər