19 Aprel 2016 16:54
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokratik Respublikasının quruculuğunda iştirak etmiş Leon Krıçinskinin xatirəsinə Polşada abidə ucaldılıb.

Azərbaycanın Polşadakı səfirliyindən Teleqraf.com-a verilən məlumata əsasən, Polşanın Pomorski vilayətinin (voyevodluğu) Veyherova şəhərindəki Piaşnitsa məzarlığında Leon Krıçinskinin xatirəsini əbədiləşdirmək məqsədilə abidənin rəsmi açılış mərasimi keçirilib.

Tədbir Pomorski vilayətinin rəhbərliyi, Qdınya şəhərində yerləşən Hərbi Dəniz Qüvvələrinin Baltik dənizindəki 3-cü briqadası və həmin vilayətdə fəaliyyət göstərən Polşa Tatarları cəmiyyəti tərəfindən təşkil edilib. Tədbirdə Pomorski vilayətində fəaliyyət göstərən Tatar icmasının rəhbəri Yerjı Şahunjeviç çıxış edərək Leon Krıçinskinin keçdiyi həyat yolu, Krımın və Azərbaycanın azadlığı uğrunda fəaliyyəti haqqında geniş söz açıb.

Xristian və müsəlman dini ayinlərin icra edildiyi tədbirdə iştirak edən 3-cü briqadanın əsgərləri L.Krıçinskinin şərəfinə yaylım atəşi açıb. Azərbaycanın Polşadakı səfirliyi tərəfindən çap edilmiş, müəllifi Vilayət Quliyev olan “Polyaklar Azərbaycan Demokratik Respublikasında” kitabı tədbir çərçivəsində təqdim olunub.

Açılışı edilmiş abidənin üzərində yazılıb: “Leon Nayman Mirza Krıçınski (1887-1939). Hüquqşünas, yazıçı, səyyah. Krım və Azərbaycanın müstəqilliyi uğrunda fəal iştirakçı. Polşa Tatarlarının mədəni dirçəlişinin banisi. Tatar, polyak, müsəlman, avropalı, Polşa Respublikasının vətəndaşı kimi vəzifə başında həlak olub. Tatarlar, Piaşnitsa 10.10.2015”.

Qeyd edək ki, Leon və Olqred Krıçinski qardaşlarının Azərbaycan Demokratik Respublikasının quruculuğunda xidmətləri olub. Olqred Krıçinski ADR-in Ədliyyə nazirinin müavini, Leon Krıçinski isə ADR Nazirlər Kabinetinin katiblik rəisi olub. Qardaşlar ADR-in son gününədək tutduqları vəzifələrində qalıblar, 27 aprel 1920-ci ildə Azərbaycanı tərk ediblər.

Səxavət


Müəllif:

Oxşar xəbərlər