20 Aprel 2016 11:00
551

Avstraliyada yaşayan erməni diaspor təşkilatlarının Dağlıq Qarabağda aprelin əvvəllərində baş vermiş gərginliklə bağlı Azərbycanın bu ölkədəki səfirliyi qarşısında etiraz aksiyası keçirmək cəhdi uğursuzluğa uğradıqdan sonra bədnam qonşularımız yeni üsula əl atıblar.

Belə ki, bu günlərdə Avstraliyanın ermənipərəst qüvvələrinin nəzarəti altında olan qəzetdə Azərbaycanın bu ölkədəki səfirliyinin fəaliyyəti ilə bağlı saxta məlumatlara əsaslanan məqalə dərc etdirilib.

Dağlıq Qarabağ cəbhəsində ağır məğlubiyyətə uğrayan və heç bir dövlət tərəfindən, o cümlədən Avstraliyadan dəstək ala bilməyən ermənilər qisas almaq üçün həmin məqalədə guya Azərbaycan səfriliyinin əməkdaşlarının istehlak vergisindən azad olunma hüququndan istifadə edərək külli miqdarda spirtli içkilər, siqaretlər və digər tələbat malları əldə etdiyini iddia edirlər.

Bununla da məqalə müəllifləri bir tərəfdən səfirliyin fəaliyyətinə kölgə salmağa, qara yaxmağa, digər tərəfdən isə Azərbaycan-Avstraliya dostluğuna zərbə vurmağa çalışırlar.

Azərbaycanın Avstraliyadakı səfiri məqalədə göstərilən rəqəmlərin həqiqətə uyğun olmadığını, səfirlik işçiləri tərəfindən istehlak vergisindən azad edilmiş əmtəələri yalnız əvvəlcədən təyin olunan kvota çərçivəsində sifariş etdiyini və onların təxminən 20 faizinin alınması barədə sənədlərin surətlərini həmin mətbuat orqanına göndərərək, qərəzli məqaləyə görə təkzib verilməsini və səfirlikdən üzr istənilməsini tələb edib.

Məktubda qeyd olunub ki, əsas məsələ - kvotalar çərçivəsində “Duty free” sisteminə göndərilmiş formadakı həcmlərlə faktik olaraq alınmış malların arasındakı fərq məqalədə qəsdən göstərilməyərək oxucunu, ictimai fikri yanlış istiqamətə yönəltmək, səfirliyə qara yaxmaq, şər atmaq məqsədi daşıyır.

Məsələ ilə bağlı məlumat verən səfir Rövşən Cəmşidov bildirib ki, Azərbaycanın Avstraliyadakı səfirliyinə qarşı yönəlmiş iftira, təxribat və qərəzli hücumların səbəbini Prezidentin Xarici İşlər Nazirliyi qarşısında qoyduğu vəzifələrin Avstraliyada da uğurla həyata keçirilməsinin bu ölkədəki erməni icmasında və onlara himayədarlıq edən, əsasən Yeni Cənubi Uels və Federal parlamentlərdəki bəzi siyasətçilərdə doğurduğu qəzəb və narahatlıq, eləcə də düşmən dəyirmanına su tökən bəzi bədxahlarımızın səylərində axtarmaq lazımdır.

Diplomat deyib: “Avstraliya ilə mövcud və uğurlu şəkildə inkişaf edən əlaqələrimizin nəticələri göz qabağındadır. Uzaq məsafədə yerləşməyimizə və düşmənlərimizin səylərinə baxmayaraq, burada Azərbaycanı indi daha yaxşı tanıyirlar. Avstraliya Federal parlamentində yaradılmış işçi dostluq qrupu ilə Milli Məclisin Avstraliya üzrə işçi qrupu arasında səmərəli, sıx əməkdaşlıq münasibətləri qurulub. Ölkələrimiz arasında iqtisadi-ticarət sahəsindəki əlaqələrdə də müsbət dinamikanın şahidiyik.

Avstraliya Federal hökumətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi mövqeyi də təqdirəlayiqdir. Xarici işlər naziri xanım C.Bişop 2015-ci il noyabrın 30-da Federal parlamentin iclasındakı çıxışında bir daha Avstraliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib, Ermənistanı birmənalı şəkildə işğala son qoymağa çağırıb. Təəssüf ki, bəzi mətbuat orqanlarımız haqqımzda söylənən şaiyə və böhtanların işıqlandrlmasına Avstraliya kimi nüfuzlu bir dövlətin xarici işlər nazirinin bu cür yüksək mövqeyinə göstərildiyindən müqayisəolunmaz şəkildə daha çox maraq göstəriblər”. (Azərtac)


Müəllif: