21 Aprel 2016 12:00
2 856
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ağ blok”un həmtəsisçisi Tural Abbaslı blokun partiyaya çevrilməsi istiqamətində görülən işlərdən danışıb.

O, Teleqraf.com-a açıqlamasında deyib ki, hazırda qurultayla bağlı texniki məsələlər həll edilir: “İstəyirik ki, partiyamız qanunvericilikdə nəzərdə tutulduğu kimi qeydiyyatlı, siyasi sistemin hüquqi tərkib hissəsi kimi olsun. Müxalif mövqeli partiya qurmaq niyyətindəyik”.

Qurultay nümayəndələrinin sayı ilə bağlı dəqiqləşmə getdiyini deyən T.Abbaslı söyləyib ki, tədbirin keçirilməsi üçün 3 məkan nəzərdə tutulub: “Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəndə Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına mədəniyyət sarayı, Xətai rayonunda Aşıq Ələsgər adına mədəniyyət klubu və Bakı kinoteatrının adını qeyd edəcəyik. Partiyanın emblemi, nizamnaməsinin hazırlanması kimi texniki işləri də paralel olaraq aparırıq. İşlərimizi yekunlaşdıra bilsək, qurultay mayın 29-da, geciksək, iyunun ilk ongünlüyündə baş tutacaq. Güman edirik ki, işlərimizi mayın sonunadək qurtara biləcəyik”.

Tural Abbaslı qeyd edib ki, bütün partiyaları qurultaya dəvət etmək niyyətindədirlər: “Müsavat, Azərbaycan Xalq Cəbhəsi Partiyasından tutmuş, Yeni Azərbaycan Partiyasına qədər bütün partiyaları dəvət edəcəyik ki, yeni siyasi qüvvə formalaşır və onun işində qonaq qismində iştirak edib sözlərini desinlər. Əvvəllər Azərbaycanda bu ənənə vardı, partiyalar bir-birinin qurultayına qatılırdı. Məsələn, YAP rəsmisi Siyavuş Novruzov mediada haqqımızda nə danışırsa, fikrini gəlib qurultayımızda da deyə bilər. Yaxud qəzet səhifələrindəki debatlardansa, düşüncələrini canlı demələri daha yaxşıdır. Cəbhə xəttində baş verən gərginliklə bağlı Azərbaycandakı bütün partiyaların mövqeyi üst-üstə düşdü, Ramil Səfərovla bağlı Avropa Birliyinin qətnaməsinə qarşı birgə mövqe sərgiləndi. Bu, normal siyasi münasibətlərdir. Qarşılıqlı ittihamlarla hansı məsələni həll edə bilərik?”

“Müsavat lideri İsa Qəmbər də dəvətlilər sırasında olacaqmı” sualına Tural Abbaslının cavabı belə olub:
“Müsavat Partiyasının qurultayda təmsil olunmasını istəyiriksə, başqan Arif Hacılıdır, dəvət də ona göndəriləcək”.

Tural Abbaslı onu da əlavə edib ki, Müsavatın bazasında partiya yaratmaq niyyətində deyillər: “Məqsəd Müsavatdan elektorat qoparmaq və onu zəiflətmək üçün yeni partiya yaratmaq deyil. Biz yeni siyasi qüvvəni yaratmaq istəyirik.

Elə dostlarımız olacaq ki, bizim mövqeyi dəstəkləsələr də, Müsavatda qalacaqlar. Çünki Müsavat siyasi qurumdan çox mənəvi bir quruma çevrilib. Ən azından anam Müsavatın Divan üzvüdür, böyük ehtimalla partiyadan çıxmayacaq.

Məndən illər qabaq Müsavat üzvü olub, mən partiyadan çıxsam da, üzv kimi qalacaq. Müsavat siyasi qurumdan çox mənəvi bağlılıq yaradan bir təşkilatdır. İstəməzdim ki, insanları seçim qarşısında qoyaq, deyək ki, bizimləsənsə, Müsavatı tərk elə, ya da Müsavatdasansa, mənimlə düşmənsən. Gəlmək istəyən gələcək, istəməsələr də, onlarla düşmən olmayacağıq. Yeni yoldur, bəlkə partiya yaratdıq, uğursuz oldu, heç nəyə nail olmadıq. İnsanları nəyəsə məcbur etmək düzgün deyil”.

Partiyanın adına gəlincə, Tural Abbaslı deyib ki, qurultayda təkliflər dəyərləndiriləcək, böyük ehtimalla “Ağ blok”un davamı kimi adı da Ağ Partiya olacaq.

O, sədrliyə iddialı olan şəxslərin qurultay günü də namizədliyini verə biləcəyini söyləyib: “Mənə xoş olar ki tək namizəd olum. Amma demokratik ənənələrə görə alternativlik olmalıdır. Çox istəyirəm ki, ilk qurultayda bir neçə namizəd olsun. Əvvəlcədən prosedur müəyyənləşdirməmişik ki, qurultaya qədər namizədliklər verilsin. Qurultay günü də kimsə namizəd olduğunu açıqlaya bilər. Gizli səsvermə ilə sədr seçiləcək. Amma ümid edirəm ki, heç kəs məni uda bilməyəcək”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər