23 Aprel 2016 10:20
1 813
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kommunistlərin arasında yaşlı insanlar da var. Yaşlı nəsli bu işdən çəkindirmək çox çətindir. Amma gənc nəsil Leninin doğum gününü qeyd edirsə, bu, cəmiyyət olaraq zəifliyimizdir. Bütün baş verənlərdən, xüsusilə, 20 Yanvar hadisəsindən sonra ölkədə kommunistlərin sırasında kimsə qalıbsa, buna təəssüf edirəm. Onların bilgilərinə də, özlərinə də adamın yazığı gəlir”.

Teleqraf.com xəbər verir ki, bunu KXCP sədri Mirmahmud Mirəlioğlu Azərbaycan kommunistlərinin V.İ.Leninin doğum gününü qeyd etməsini şərh edərkən deyib.

Xatırladaq ki, Vahid Azərbaycan Kommunist Partiyasının sədri Musa Tükanov Leninin abidə komplekslərinin ölkədə olmamasına görə millətçi kəsimi, sağ partiyaları ittiham edib. Bildirib ki, Azərbaycanda Leninin heykəllərini yığışdıran millətçilər sonradan Allah tərəfindən cəzalandırılıb, onlar qəlblərdə Leninin abidəsini silə bilməyiblər.

Mirmahmud Mirəlioğlu isə bu ittihama ironik reaksiya verib: “Görürsünüzmü, bunların kommunist olması nə qədər bayağıdır. Kommunistin Allaha inanması gülməlidir. İkincisi, kommunistlər və bolşeviklər Azərbaycanı işğal ediblər. Əgər onlar Leninin Şaumyana məktubunu, Bakı komissarlarının formalaşdırılması prosesini, Bakını yandırmaqla bağlı fikirləri bilmirlərsə, habelə XI Qırmızı Ordunun Azərbaycanı işğalı ilə bağlı hər şeyi unudurlarsa, vay bunların halına”.

KXCP sədri əlavə edib ki, tarixi bilməmək və ya bilərəkdən unutmaq doğru deyil: “Əgər bu gün də Azərbaycan ərazilərinin 20 faizi işğal altdadırsa, bu torpaqların kim tərəfindən ermənilərə verildiyi bəllidirsə və kommunistlər bunun fərqində deyillərsə, məncə, onlar bu torpaqlarda yaşamaq haqqını itiriblər. Bir qədər bu məsələlərin fərqində olsunlar”.

Azərbaycanda bir neçə kommunist partiyasının fəaliyyətinə toxunan Mirmahmud Mirəlioğlu söyləyib ki, əslində onlar formal xarakter daşıyır: “Bu partiyaları zorla saxlamaq istəyirlər. Çünki ölkədə kommunist qafalılar da var. Kommunist Partiyasının sədri vəfat etmişdi, arvadı da möhürü oğurlamışdı. Yeni seçilən sədr xahiş edirdi ki, arvaddan möhürü alıb ona versinlər. Bu da, göstərir ki, belə partiyalar formaldır”.

Nemət


Müəllif:

Oxşar xəbərlər