25 Aprel 2016 15:06
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağda vəziyyət gərginləşdiyi andan vəziyyəti sakitləşdirmək üçün hər iki tərəflə əlaqə saxlamaq və görüşlər təşkil etməklə məsələni diplomatik yolla həll etməyə çağırdıq”.

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari deyib.


“Həmişə demişik ki, regionda mövcud qarşıdurmaları nəzərə alsaq, bölgədə yeni münaqişələr qeyri-sabitliyin daha da geniş formada yayılmasına səbəb olacaq. Terrorçuluq və radikalizm böhranı geniş yayılır və bütün ölkələrin probleminə çevrilib. Düşünürük ki, Azərbaycanla Ermənistan arasındakı böhran tezliklə həll olunmalı, iki ölkə arasında sülh əldə edilməlidir”, - deyə o vurğulayıb.

H. Ənsarinin sözlərinə görə, İran Qarabağ münaqişəsinin həllində vasitəçilik etməyə hazır olduğunu dəfələrlə bildirib: “Münaqişə tərəfləri istəsə, vasitəçilik etməyə hazırıq. Mövcud şəraitdə düşünürük ki,münaqişə beynəlxalq təşkilatlar və ATƏT-in Minsk qrupu tərəfindən danışıqlar yolu ilə həll olunmalıdır”.


BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda İranın XİN başçısı Məhəmməd Cavad Zərifin iştirak edib-etməyəcəyinə gəldikdə isə H. Ənsari bildirib ki, Zərifin səfər qrafiki sıx olduğu üçün Bakıda keçiriləcək foruma İran prezidentinin müavini, ölkənin mədəni irs və turizm təşkilatının sədri Məsud Sultanifər qatılacaq.


Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.


Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur. ("APA")


Müəllif:

Oxşar xəbərlər