“El hərəkatının fəaliyyətini indiki halda “sosial şəbəkə” kimi qiymətləndirmək olar”.
Bunu APA-ya açıqlamasında “Azərbaycan Naminə” İctimai Forumun prezidenti, El hərəkatının sədri Eldar Namazov deyib. O, sədri olduğu qurumun uzun müddət fəaliyyətsiz olmasına münasibət bildirərək qeyd edib ki, hazırkı durumda El hərəkatının mövcud statusunu dəyişmək niyyətində deyillər: “Hərəkatda olan dostlarımızla biz indi də bir yerdəyik.
Həm Bakıda, həm də rayonlardakı dostlarımızla daimi təmasdayıq. Faktiki olaraq, indi El hərəkatının statusunu sosial şəbəkə kimi qiymətləndirmək olar. Çünki yalnız daimi əlaqələr var. Bizim ümumi fikrimiz ondan ibarətdir ki, hazırda Azərbaycan xalqının güdəliyində önə çıxan ciddi məsələlər var. Bu, Dağlıq Qarabağ problemi, cəbhədəki son əməliyyatlardan sonra yaranmış yeni durumdur. Dağlıq Qarabağ uğrunda mübarizə indi yeni, həlledici mərhələyə qədəm qoyur.
Digər tərəfdən, neftin qiymətinin aşağı düşməsi Azərbaycanda yeni sosial-iqtisadi durum yaradıb və ölkədə ciddi islahatların aparılması gündəmə gəlib. Biz hesab edirik ki, yalnız bu sahələrdə müəyyən təşəbbüslərlə çıxış etmək daha vacibdir, nəinki El hərəkatının gələcək taleyi. Yaxın zamanlarda fəaliyyətimiz yalnız sadaladığım istiqamətlərdə olacaq və hələ ki, hərəkatın “sosial şəbəkə” statusunu dəyişmək niyyətində deyilik".
E.Namazov təsisçilərindən olduğu Milli Şura haqqında da danışıb: “Mənə elə gəlir ki, Milli Şuranın fəaliyyətini onlar özləri qiymətləndirməlidir. O vaxtkı Milli Şura ilə indiki ayrı-ayrı qurumlardır. Mən Milli Şuradan uzaqlaşan 45-ci və ya 50-ci adam idim. Görəndə ki, əvvəlki Milli Şuranı qoruyub saxlamaq mümkün deyil və proses artıq başa çatmaq üzrədir, onda mən buna etiraz etdim. Ancaq bu proses baş verdi və qarşısı alınmadı. Mən də o qurumdan uzaqlaşdım”.