26 Aprel 2016 16:41
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Fransa xarici işlər və beynəlxalq inkişaf nazirinin Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirlə görüşüb.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələr üzrə inkişafına dair fikir mübadiləsi aparılıb, BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunun əhəmiyyəti qeyd olunub.

E.Məmmədyarov 2 aprel tarixindən Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranan son gərginlik haqqında məlumat verib, Ermənistanın atəşkəsi pozmaqda davam etdiyini və Ermənistan silahlı qüvvələrinin ağır atəş vasitələri ilə atəşkəsi pozması nəticəsində Tərtər rayonunda mülki obyektlərə ciddi ziyan dəydiyini bildirib.

Nazir ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səylərin artırılmasının vacibliyini qeyd edərək, münaqişənin həlli ilə bağlı Azərbaycanın nəticəyönümlü danışıqlara hazır olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Səxavət


Müəllif:

Oxşar xəbərlər