Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən FAO-nun aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Mario Lubetkin və təşkilatın tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak ilə görüşüb.
Görüşdə paytaxtımızda təşkil olunan Forumun ideya və məqsədlərinin müasir dövrdə böyük əhəmiyyət daşıdığı qeyd edildi, tədbir çərçivəsində aprelin 25-də keçirilən Gənclər Forumunda da qaldırılan məsələlərin və səslənən fikirlərin önəmi vurğulandı. Leyla Əliyeva ətraf mühitin qorunması ilə bağlı fikirlərini bildirdi.
Söhbət zamanı, həmçinin dünyada aclıqla mübarizə, Xəzərdə nərə balığının artırılması və məktəblərdə düzgün qidalanma kimi məsələlər ətrafında fikir mübadiləsi aparıldı.