27 Aprel 2016 14:26
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rüstəm İbrahimbəyovun vahid namizədliyi Cəmil Həsənlinin vahid namizədliyi ilə əvəzlənən andan etibarən Eldar Namazov Milli Şurada yox idi. Yəni, o, özü Milli Şurada iştirak etsə də, artıq siyasi fiqur və ya qurum olaraq Milli Şurada iştirak etmirdi. Belə deyək, həmin andan etibarən Eldar Namazovun Milli Şurada adı olub, özü olmayıb”.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Şuranın üzvü Rafiq Manaflı deyib.

R.Manaflı E.Namazovun “Mən Milli Şuradan uzaqlaşan 45-ci və ya 50-ci adam idim” fikrinin də yanlış olduğunu bildirib: “Eldar Namazov bu fikri səsləndirməklə səhvə yol verir. O, əlbəttə, Milli Şuradan uzaqlaşan nə 45-ci, nə də 50-ci adam idi. Hələ 2013-cü ilin prezident seçkilərinin gedişində liberal-demokratlar uzaqlaşdılar. Onlardan sonra – ilk uzaqlaşanlardan biri də Eldar Namazov və onun “EL” Hərəkatı idi. Namizəd dəyişən andan Eldar Namazovun Milli Şurada adı qalmışdı, özü yox idi”.

Milli Şura üzvü güman edir ki, E.Namazov o vaxtkı Milli Şura ilə indikinin ayrı-ayrı qurumlar olduğu fikrini irəli sürərkən, çox güman ki, say tərkibi məsələsini nəzərdə tutur: “O vaxt Milli Şuranın tərkibi daha geniş idi. Ən müxtəlif qurumlar, partiya və təşkilatlar Milli Şurada təmsil olunurdular. Aydın idi ki, Milli Şura seçkidən sonra fəaliyyətini o tərkibdə davam etdirə bilməzdi. Çünki o tərkibdə yolları və düşüncələri müxtəlif olan çoxlu təşkilatlar var idi. Yəni, daha loyal insanlar və təşkilatlar Milli Şurada təmsil olunurdular. Aydın idi ki, onlar mübarizə yolunu axıradək getməyəcək insanlar və partiyalar idi. Onların bir qismi hələ seçki ərəfəsində, bəziləri də seçkidən dərhal sonra Milli Şuradan uzaqlaşdılar. Bu baxımdan əlbəttə, Milli Şura yaranan andakı Milli Şura deyil. Əvvəlki daha geniş tərfkibli idi. Amma indiki daha mübarizdir”.

R.Manaflı qeyd edib ki, E.Namazovun söylədiyi fikirlər onu narahat etmir: “Onun söylədikləri bizi narahat etmir. Hər kəsin mövqeyi cəmiyyət üçün aydındır. Əlavə nəyisə izah və şərh etməyə lüzum görmürəm. “Eldar Namazov və Milli Şura” artıq keçilmiş, arxada qalmış mərhələdir. Bu mərhələ iki il bundan əvvəl keçilib. Hərə öz yolunu gedir. Hamıya uğurlar!”

Qeyd edək ki, E.Namazov təsisçilərindən olduğu Milli Şura haqqında deyib ki, o vaxtkı Milli Şura ilə indiki ayrı-ayrı qurumlardır: “Mən Milli Şuradan uzaqlaşan 45-ci və ya 50-ci adam idim. Görəndə ki, əvvəlki Milli Şuranı qoruyub saxlamaq mümkün deyil və proses artıq başa çatmaq üzrədir, onda mən buna etiraz etdim. Ancaq bu proses baş verdi və qarşısı alınmadı. Mən də o qurumdan uzaqlaşdım”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər