"Arif və Leyla Yunusların müalicə üçün ölkədən çıxışına icazə verilməsi humanist addımdır".
Bunu Niderland Krallığının Azərbaycandakı səfiri Robbert J. Gabrielse bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Səfir bildirib ki, Yunusların Niderlanda getməsi o demək deyil ki, onların müalicəsi dəqiq orada aparılacaq: "Müalicə Almaniyada da ola bilər. Yunusların qızı Amsterdamda yaşadığı üçün onlar ordadırlar".
Qeyd edək ki, aprelin 18-də Leyla və Arif Yunusların Ali Məhkəməda kassasiya şikayətinin baxılıb və şikayət təmin edilərək onların ölkədən çıxışına icazə verilib.
Yunuslar aprelin 19-da Niderlanda yollanıblar.
Qeyd edək ki, Leyla və Arif Yunuslar Cinayət Məcəlləsinin 178.3.2-ci və digər maddələrinə əsasən ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.
Bakı Apellyasiya Məhkəməsinin 2015-ci il noyabrın 12-də keçirilən prosesində Arif Yunusun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib, ondan başqa yerə getməməklə bağlı iltizam alıb. Bundan sonra Arif Yunus məhkəmə zalından azadlığa buraxılıb.
2015-ci il dekabrın 9-da isə apellyasiya şikayəti üzrə qərar elan edilib. Qərara əsasən Leyla Yunus barəsində təyin olunan 8 il 6 ay, Arif Yunus barəsində isə təyin olunan 7 il müddətində azadlıqdan məhrum etmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab edilib. Leyla Yunus məhkəmə zalından azadlığa buraxılıb. ("APA")