18 İyun 2014 11:06
2 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çingiz Qənizadə: “Türkiyə ilə Yunanıstan arasında gərginlik olsa, Azərbaycan barışdırıcı rol oynaya bilər”

Vüqar Bayramov: “Yunanıstan Azərbaycan üçün spesifik ölkələrdən biridir”

Azərbaycan prezidenti İlham Əliyev iyunun 15-də Yunanıstana rəsmi səfər edib. Həmin gün prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxt Afinanın mərkəzində hündürlüyü 156 metrə çatan qayalıq meydançada yerləşən, dünya tarixinin və mədəniyyətinin şah əsərləri sırasında olan, 3 min illik tarixə malik memarlıq abidələri ilə zəngin və sanki muzeyi xatırladan Akropolla tanış olub. İyunun 16-da dövlət başçısı Afinada naməlum əsgərin məzarını ziyarət edib. Daha sonra rəsmi qarşılanma mərasimi keçirilib. Azərbaycan prezidentini Yunanıstanın dövlət başçısı Karolos Papulyas qarşılayıb. Daha sonra dövlət başçıları arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

İmzalanma mərasimi

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Yunanıstan sənədlərinin imzalanması mərasimi olub. Mərasimdə hər iki ölkənin prezidentləri də iştirak edib. “Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Yunanıstanın xarici işlər naziri Evangelos Venizelos imzalayıb.

“Azərbaycan Xarici İşlər Nazirliyi və Yunanıstan Xarici İşlər Nazirliyi arasında Avropa İttifaqı məsələləri üzrə əməkdaşlıq haqqında Memorandum”u Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Yunanıstanın xarici işlər naziri Evangelos Venizelos imzalayıb.

“Azərbaycan Gənclər və İdman Nazirliyi və Yunanıstan Təhsil və Dini İşlər Nazirliyi arasında gənclər sahəsində əməkdaşlıq haqqında Memorandum”u Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Yunanıstanın xarici işlər naziri Evangelos Venizelos imzalayıb.

Sənədlərin imzalanma mərasimindən sonra Azərbaycan və Yunanıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.

Baş nazirlə görüş

Azərbaycan prezidenti Yunanıstana səfəri çərçivəsində bu ölkənin baş naziri Antonis Samaras, parlamentinin sədri Vanqelis Meimarakis, Yunanıstan baş nazirinin müavini, xarici işlər naziri Evangelos Venizelos, Yunanıstan parlamentində əsas müxalifət olan Demokratik Solçular Birliyinin lideri Aleksis Tsipras ilə də görüşüb. Bundan başqa Afinada prezident İlham Əliyevin və Yunanıstanın baş naziri A.Samarasın yüksək səviyyəli iş adamları ilə görüşü keçirilib.

Qeyd edək ki, son vaxtlar Yunanıstanla Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdiyi aydın nəzərə çarpır. Bunu Azərbaycan prezidentinin son beş ildə Afinaya etdiyi ikinci səfəri zamanı qarşılıqlı olaraq verilən bəyanatlardan da görmək mümkündür. Prezident İlham Əliyev də Yunanıstan parlamentinin spikeri V.Meimarakislə görüşündə son beş ildə ikinci dəfə Yunanıstana səfər etməsinin ölkələrimiz arasında əlaqələrin inkişafını təsdiq edən mühüm fakt olduğunu diqqətə çatdırıb. Bəs, iki ölkənin münasibətlərinin tarixi hara dayanır? Yunanıstan Azərbaycanın xarici ticarət dövriyyəsində neçənci yerdə dayanır? Əlaqələrin daha da inkişaf etməsi üçün hansı addımları atmaq mümkündür? Beləliklə, “Milli maraqlar” layihəsində bu dədə Azərbaycan-Yunanıstan əlaqələrinin durumunu araşdıracağıq.

Qısa tarixi arayış

Yunanıstan Azərbaycanın müstəqilliyini 31 dekabr 1991-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 2 aprel 1992-ci ildə qurulub. Yunanıstanın Azərbaycandakı səfirliyi 1993-cü ilin mayın 27-də fəaliyyətə başlayıb. Azərbaycanın Yunanıstandakı səfirliyi isə 2004-cü ilin aprelin 16-da təsis edilib. Səfir Rəhman Mustafayev 10 dekabr 2009-cu il tarixində etimadnaməsini Yunanıstan prezidenti Karolos Papulyasa təqdim edib.

1994-2004-cü illərdə iki ölkə arasında iqtisadi, sənaye, texnologiya, enerji, elm, təhsil, mədəniyyət, nəqliyyat, investisiyaların qorunması, gömrük sahələrində sazişlər imzalanıb.

Müxtəlif dövrlərdə Azərbaycanda səfərdə olmuş Yunanıstan nazirləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində BMT qətnamələrinin yerinə yetirilməsini, istənilən ölkə ərazisinin işğal olunmasına qarşı çıxdıqlarını bildiriblər.

Yunanıstan-Azərbaycan münasibətləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqın çərçivəsində də inkişaf edir.

18 iyun 2003-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev Yunanıstanın xarici işlər nazirinin müavini İoannis Maqriotisi qəbul edib. Söhbət zamanı Heydər Əliyev qeyd edib ki, Yunanıstanın Avropa Birliyinə sədrlik etdiyi dövrdə Qafqaz ölkələri, o cümlədən Azərbaycanla çox səmərəli əlaqələr yaradıb. Qafqaz ölkələrində, o cümlədən Azərbaycanda geniş fəaliyyət göstərməyi yüksək qiymətləndirən Heydər Əliyev bütün sahələrdə bundan sonra da əməkdaşlıq etməyə hazır olduğunu bildirib. İoannis Maqriotis isə çıxışında bildirib ki, Yunanıstan Avropa Birliyinə sədrlik etdiyi dövrdə, ilk dəfə olaraq, Qafqaz ölkələri məsələsini Avropa Birliyinin gündəliyinə çıxarıb: “Baxmayaraq ki, bu müddət ərzində İraqda baş vermiş münaqişə çoxlu vaxt aparıb, işimizin dinamikasına təsir göstərib, ancaq biz hesab edirik ki, ötən dövrdə bir sıra işlər görülüb. Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, Cənubi Qafqaz ölkələrinə Avropa Birliyinin xüsusi nümayəndəsi təyin olunması bizim sədrliyimiz dövründə baş verib”.

İlham Əliyevin prezidentliyi dövründə daha da inkişaf edən əlaqələr

İlham Əliyev prezident seçildikdən sonra Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafı daha da sürətlənib. Azərbaycan-Yunanıstan münasibətlərinin göstəricisi olaraq Yunanıstan prezidenti Konstantinos Stefanopulos 2004-cü il iyunun 20-22-də Azərbaycana rəsmi səfərə gəlib.

2004-cü il avqustun 12-19-da prezident İlham Əliyev Afinada keçirilən XXVIII Yay Olimpiya oyunlarının açılış mərasimində iştirak etmək üçün Yunanıstana səfər edib. Avqustun 15-də XXVIII Yay Olimpiya oyunları çərçivəsində “Azərbaycan günü” keçirilib. İlham Əliyev bu səfər çərçivəsində Yunanıstanın baş naziri Kostas Karamanlis və turizm naziri Dimitris Avramopulos ilə görüşüb.

2009-cu ilin fevralın 16-18-də prezident İlham Əliyev yenidən Yunanıstanda səfərdə olub. Səfər zamanı İlham Əliyevin və Yunanıstan prezidenti Karolos Papulyasın görüşü olub.

2011-ci ilin aprelin 5-6-da Yunanıstan prezidenti K.Papulyas Azərbaycana səfər edib.

2008-ci ilin iyunun 9-11-də Milli Məclisin sədri Oqtay Əsədov Yunanıstanda səfərdə olub. Ötən ilin mayın 19-20-də isə Yunanıstanın baş naziri A.Samaras Bakıya işgüzar səfər gerçəkləşdirib.

Ötən 20 ildən artıq müddət ərzində hər iki ölkəndən olan müxtəlif sahələri təmsil edən nazirlər qarşılıqlı olaraq çoxsaylı səfərlər həyata keçiriblər.

Parlamentlərarası əməkdaşlığa gəldikdə isə, qeyd etmək lazımdır ki, Milli Məclisdə Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir, qrupun rəhbəri Hadi Rəcəblidir. Yunan parlamentindəki Yunanıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri isə Dimitrios Kyriazidisdir.


İndiyədək Azərbaycanla Yunanıstan arasında müxtəlif sahələri əhatə edən 20-dən artıq sənəd imzalanıb.
Milli Məclisdəki Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Çingiz Qənizadə bildirib ki, Azərbaycanın Yunanıstan kimi bir dövlətlə münasibətlərinin daha yaxşı inkişafı istiqamətində atılan addımlar dövlətçilik baxımından müsbət dəyərləndirilməlidir. Onun sözlərinə görə, prezident İlham Əliyev təkcə Yunanıstanla deyil, dünyanın bütün dövlətləri ilə Azərbaycanın maraqlarını öndə tutan ardıcıl siyasət aparır: “Prezidentin səfəri zamanı da Yunanıstanda münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyi göz qabağında oldu. Əminəm ki, cənab prezidentin bu səfəri münasibətləri daha da inkişaf etdirəcək. Hesab edirəm ki, Yunanıstan-Azərbaycan tərəfdaşlığı, dostluq münasibətləri həmişə normal olmalıdır. Baxmayaraq ki, bəzən Türkiyə və Yunanıstan arasında müəyyən gərginliklər olur. Belə məqamlarda da Azərbaycan barışdırıcı mövqedən çıxış etmək missiyasını öz üzərinə götürə bilər. Amma sevindirici haldır ki, son dövrlərdə belə hadisələr yoxdur. Hər bir halda mən bu səfəri uğurlu bir səfər kimi dəyərləndirirəm”.

“Azərbaycandan Yunanıstana gedənlərin sayı artıb”


İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə bildirib ki, Azərbaycan üçün Avropa Birliyi əsas ticarət tərəfdaşıdır. Onun sözlərinə görə, bu gün Azərbaycanın xarici ticarət dövriyyəsinin təxminən 60 faizi Avropa Birliyinin payına düşür: “Yunanıstan da Avropa Birliyinin üzvüdür.

Yunanıstanla əməkdaşlıq eyni zamanda Avropa Birliyi ilə aparılan əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bununla yanaşı Yunanıstan Azərbaycan üçün spesifik ölkələrdən biridir. Əvvəla, onun spesifikliyi ondan ibarətdir ki, Azərbaycan öz mavi qazını Yunanıstana nəql edir. Yəni, Yunanıstan Azərbaycan mavi qazını alan ölkələrdən biridir. Eyni zamanda nəzərə alsaq ki, 2013-cü ilin dekabrın 17-də imzalanmış ”Şahdəniz" qaz yatağının ikinci fazasının işlənməsi ilə bağlı anlaşmada iştirak edən tərəflərdən biri də Yunanıstandır. Həmin anlaşma çərçivəsində Yunanıstan iqtisadiyyatına da investisiyanın qoyulması nəzərdə tutulur və Yunanıstan “Şahdəniz-2"dən TAP vasitəsilə nəql ediləcək mavi qazdan faydalanacaq ölkələrdən biridir. Bu baxımdan Yunanıstanla Azərbaycan arasında enerji sahəsində ciddi əməkdaşlığın olduğunu söyləyə bilərik”.

V.Bayramov qeyd edib ki, bundan əlavə Azərbaycan Yunanıstanın turizm, o cümlədən investisiya qoyuluşunun həyata keçirilməsi sahəsində əməkdaşlıq etdiyi ölkələrdən biridir: “Son illərdə Azərbaycandan Yunanıstana gedən turistlərin sayında artımlar var. Azərbaycan vətəndaşlarının istirahət üçün müraciət etdikləri ölkələr sırasında Yunanıstan da var. Bu baxımdan turizm sahəsində əməkdaşlıq son illərdə ciddi şəkildə inkişaf edib. Eyni zamanda azərbaycanlı investorların, o cümlədən Dövlət Neft Şirkətinin investisiya proqramı həyata keçirdiyi ölkələrdən biri də məhz Yunanıstandır. Yunanıstanın həm turizm, həm emal sektoruna azərbaycanlı iş adamları tərəfindən investisiyaların qoyuluşu həyata keçirilir. Bu da azərbaycanlı iş adamlarına Yunanıstan iqtisadiyyatında investor kimi çıxış etməyə imkan verir”.

Səxavət Həmid


Müəllif: