Millət vəkili Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Dövlət qulluğu haqqında” qanun layihəsi barədə fikirlərini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, “Dövlət qulluğu haqqında” mövcud qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi Milli Məclisə (MM) göndərilib. Qanun layihəsində adıçəkilən qanunun 28-ci maddəsinin dəyişdirilməsi təklif olunur.
Nəzərdə tutulan dəyişikliyə əsasən, dövlət qulluğuna qəbulla bağlı aparılan müsabiqə test imtahanından və müsahibədən ibarət olacaq.
Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, dövlət qulluğuna qəbul üçün rübdə bir dəfədən az olmayaraq, test imtahanları təşkil edəcək.
Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək. Yeni redaksiyada verilən maddədə daha bir neçə dəyişiklik nəzərdə tutulub.
Millət vəkili Fəzail Ağamalı da qanun layihəsinin mükəmməl hazırlanmalı olduğunu bildirib: “Mənim də şəxsən dövlət qulluğuna qəbulla bağlı prosedurdan, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın işindən indiyədək narazılığım olmayıb. Onlar öz işlərini şəffaf və ədalətli qurublar. Amma ikinci-müsahibə (müsabiqə) mərhələsi ilə bağlı bunu demək olmaz. Bu mərhələdə kifayət qədət qeyri-obyektiv məqamlar və ədalətsizliklər yaşanıb. Hər birimiz də bununla bağlı şikayətlər almışıq. Hətta, bu şikayətlərlə bağlı müraciətlərimiz də nəinki nəzərə alınıb, əksinə, daha ədalətsiz mövqe nümayiş etdirilib. Ona görə şəxsən mən də müsahibənin-müsabiqənin aradan qaldırılmasının tərəfdarıyam”.
Qeyd edək ki, Fəzail Ağamalıdan öncə Qüdrət Həsənquliyev və Çingiz Qənizadə də narazılığını ifadə edib. Gərgin müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə olunmayıb. Qərara alınıb ki, təkmilləşdirmələr aparıldıqdan sonra komitənin təkrar müzakirəsinə çıxarılsın.
Nemət