Bu gün baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdsonu qəbul edib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Ə.Həsənov 11 aprel tarixində BMT QAK-ın rəsmi veb səhifəsində yayılmış, Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti boyunca 2 aprel 2016-cı il tarixində baş vermiş hadisələrlə bağlı və Dağlıq Qarabağ münaqişəsi barədə yanlış və təhrif olunmuş məlumatla bağlı ciddi iradlarını bildirib.
Diqqətə çatdırılıb ki, həmin məsələ ilə bağlı Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov BMT QAK-ın ATƏT və BMT-nin Vyanadakı institutları yanında Əlaqələndirici Ofisinin rəhbəri Frank Remusla, ölkəmizin Cenevrədəki BMTBölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov BMTQAK-ın Cenevrədəki qərargahının mətbuat xidmətinin əməkdaşı Leo Dobs və Avropa Bürosunun əməkdaşı Anatoli Poucay ilə görüşlər keçirib.
Görüş zamanı həmin təhrif olunmuş məlumatların yol verilməz olduğu, ümumilikdə bu formada yazılmış məlumatların BMTQAK-ın qeyri-siyasi xarakterli mandatına uyğun olmadığı, yazıda ortaya qoyulan mövqeyin isə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və BMT-nin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı rəsmi mövqeyinə zidd olduğu ciddi şəkildə BMTQAK-ın nümayəndələrinin diqqətinə çatdırılıb. Baş nazirin müavini bildirib ki, həmin məlumatın veb səhifədən götürülməsinə baxmayaraq bu məsələ ilə bağlı təkzib verilməlidir. Ə.Həsənov bununla bağlı ciddi xəbərdarlıq edib.
Ə.Həsənov bildirib ki, işğalçı Ermənistanın təxribatçı hücumları nəticəsində təmas xəttində yerləşən ərazilərimiz mütəmadi olaraq atəşə tutulub. Bunun nəticəsində isə məcburi köçkünlərə və yerli sakinlərə ziyan dəyib, evlər dağıdılıb, mülki sakinlər həlak olub: “Lakin BMT QAK-ın rəsmi veb səhifəsində yer almış press relizdə isə bundan heç nə deyilmir. Bü cür yanlış və təhrif olunmuş informasiyaların verilməsi isə BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların münaqişə ilə bağlı qətnamələrinə ziddir”.
Baş nazirin müavini Ə. Həsənov onu da diqqətə çatdırıb ki, belə halların baş verməsi nəticəsində ölkə ictimaiyyəti, o cümlədən məcburi köçkünlər tərəfindən beynəlxalq təşkilatlara inamsızlığı artırır.
Görüşdə eyni zamanda Yaponiyanın “Fuji Optikal” şirkətinin rəhbəri, beynəlxalq “Nansen qaçqın mükafatı”na layiq görülmüş doktor Akio Kanainin rəhbərlik etdiyi heyətin məcburi köçkünlər, qaçqınlar və aztəminatlı insanlar üçün ödənişsiz göz müayinəsi və eynək paylanışı ilə bağlı növbəti səfəri və “20 İyun Ümümdünya Qaçqınlar Gününü” ilə bağlı tədbirin keçirilməsi haqqında da müzakirələr aparılıb.