18 İyun 2014 12:59
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ortada xüsusi bir layihə yoxdur”

“İqbal Ağazadə mütəmadi görüşdüyüm insanlardandır, aramızda hansısa xüsusi bir rəsmi razılıq olmayıb”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn rəhbəri olduğu partiya ilə Ümid Partiyasının birgə yeni layihəsi barədə xəbəri şərh edərkən deyib.

Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Facebook sosial şəbəkəsində P.Hüseynlə Ümid Partiyasının sədri İqbal Ağazadənin şəklini paylaşıb və “Xalq və Ümid partiyalarının liderləri yeni layihə barədə ilkin razılığa gəldilər. Sabahdan çalışmalar başlayır” şərhini yazıb.

P.Hüseyn isə sözügedən fotonun paylaşılmasından xəbərsiz olduğunu söylədi: “Rauf Arifoğlunun hansı şəkli paylaşdığından xəbərim yoxdur. Sözün düzü, Facebook-da olmadığımdan bu barədə məlumatsızam. Ola bilsin ki, İqbal bəylə olan görüşlərdən biridir. Biz dünən də onunla görüşmüşük. Amma bunlar siyasi və ya rəsmi görüş olmayıb. Bizim mütəmadi görüşlərimizdən biri idi. Müxtəlif məsələlərdən danışdıq, İqbal bəy partiya sədridir, deputatdır. Mən də siyasətlə məşğul oluram. Burada siyasətdən də söhbət gedib, müxalifətdən də. Sözün doğrusu, rəsmi görüş olmayıb”.

O, R.Arifoğlunun yeni layihə başladıqları barədə şərhinə də münasibət bildirib: "Bu cür qəti şəkildə dəyərləndirmə vermək doğru deyil. Ortada xüsusi başlanası layihə yoxdur. Ola bilər, bizim söhbətlərdən nə isə Rauf bəyin diqqətini cəlb edib. O da bu şəkildə şərh verib. Amma hansısa rəsmi prosesdən danışmaq düzgün olmaz”.

Nərgiz


Müəllif: