“Cəbhə xəttinin 200 metrliyində yaşayan tərtərlilər atəşkəs dövründə də, müharibə dövründə də Tərtərdə yaşayıb və buradan çıxmaq niyyətləri yoxdur. Camaatın tələbi odur ki, biz daha da irəli gedək. Tərtərlilər deyir ki, möhtərəm Prezident icazə versə, əliyalın gedib erməniləri torpaqlarımızdan çıxararıq”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov deyib.
Dünən Prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyeva ilə Tərtərə səfər etdiyini deyən icra başçısı qeyd edib ki, dövlət başçısı hər zaman Tərtər camaatına diqqət və qayğı göstərib, insanlar da bunu hiss edir:
“Möhtərəm Prezident tərtərlilərə dedi ki, narahat olmasınlar, düşmən güllələrinin və mərmilərin törətdiyi fəsadların aradan qaldırılması üçün bütün tədbirlər görüləcək, dəymiş ziyan aradan qaldırılacaq, heç kəsin problemi qalmayacaq. Camaatda ruh yüksəkliyi var. Düşmən mərmisi tərtərliləri qorxutmur, insanların Tərtərdən çıxmaq fikri yoxdur. Bu dəqiqə Tərtərdə əkin-biçin prosesi davam edir, kimi pambıq əkir, kimi arpa biçir, mal-qara saxlayır, hər kəs öz işində-gücündədir”.
Nərgiz