2 May 2016 12:56
2 806
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnternet resurslarında Türkiyə prezidenti R.T.Ərdoğanın 1993-cü ilə aid çıxışı yayılıb. Həmin dövrdə Rifah Partiyası sədri Nəcməddin Ərbakanın müavini vəzifəsində olan Ərdoğan Azərbaycana etdiyi səfərdən bəhs edib, xüsusilə müdafiə naziri Rəhim Qazıyevlə görüşləri haqda danışıb.

Rəhim Qazıyevi tərifləyən indiki Türkiyə prezidenti əlavə edib ki, müdafiə naziri onlarla görüş zamanı həmin dövrdə Türkiyə rəhbərliyində olan siyasi qüvvəni qardaş hesab etmədiyini xüsusilə vurğulayıb.

24 il əvvəl baş tutan bu görüş haqda Teleqraf.com-a danışan sabiq müdafiə naziri Rəhim Qazıyev isə bunları deyib: “Sizin çoxunuz Rəhim Qazıyev haqqında müsbət fikir eşitməmisiniz və heç eşitmək istəmirsiniz. Necə ki, bu gün özünə müxalifət mediası deyən qurumlar tarixi təhrif etməyə, barəmdə yalan fikirlər yazmağa başlayıb. Ancaq bunlar mənim üçün gözlənilməz deyil”.

Sabiq nazir deyib ki, Ərdoğanla əvvəllər görüşməyib: “Bizim qohumluq və ya dostluq əlaqəmiz yoxdur. Ərdoğan 1992-ci ildə, Əbülfəz Elçibəy prezident olduğu dönəmdə Bakıya səfər edib. Həmin dövrdə Ərdoğan Rifah Partiyasının üzvü kimi Azərbaycanda olub. Bu partiyanın başında elminə, siyasi iradəsinə və dərin dünyagörüşünə görə seçilən Nəcməddin Ərbakan dururdu. Hörmətli Ərdoğan da həmin dövrdə Ərbakanın nümayəndə heyətinin tərkibində Bakıya gəlmişdi. Mən də Ərbakanın rəhbərlik etdiyi nümayəndə heyətini xidməti otağımda qəbul etmişəm.

Nümayəndə heyətinə 12 nəfər daxil idi. Onlar görüş zamanı mənim dediyim sözlərdən sonra təsirlənərək hönkür-hönkür ağlayıblar. Bu, həqiqətdir. Niyə ağlamaqları isə uzun söhbətdir. Qısaca deyim ki, görüş vaxtı onlara dedim ki, biz qardaşıq, bir canıq. Necə olur, siz bu qədər ordu və güclə bizə peşəkar zabit göndərmirsiniz ki, qısa müddətdə ordu hazırlayaq.

Həmin dövrdə bizim heç nəyimiz yox idi. Müharibə gedə-gedə biz faktiki olaraq ordu hazırlayırdıq. Mərd oğullarımızın canı və qanı hesabına Dağlıq Qarabağın 52 faiz ərazisini təmizləmişdik. Görüş zamanı dedim ki, Ermənistan artıq məğlubiyyət ərəfəsindədir, soyuqdan və acından az qala ulayır. Belə bir məqamda Amerikanın göstərişi ilə Türkiyə hökuməti Ermənistana taxıl və elektrik enerjisi verib.

Qeyd etdim ki, Süleyman Dəmirəl başda olmaqla indiki Türkiyə hökumətinə mən qardaş deyə bilmərəm. Mənim bu fikirlərimdən sonra, doğrudan da, onlar hönkür-hönkür ağladılar. Çünki dediklərim həqiqət idi. Sonralar Əbülfəz Elçibəyin özü də bildirdi ki, Kəlbəcərdən mülki əhalini çıxarmaq üçün Türkiyə hökumətinə müraciət etsə də, Allahın bir vertolyotunu belə vermədilər. Bütün bunlar həqiqət idi”.

Sonda Qazıyev deyib ki, Yutubda yayılan video haqqında heç bir məlumatı olmayıb: “Mən haradan bilim ki, bizimlə görüşdən sonra onlar 1993-cü ilin yanvarında Türkiyədə belə bir çıxış ediblər. 24 ildən sonra daha bir həqiqət üzə çıxdı. Mən heç bilmirəm ki, görüşdə çəkilən bu video mənim arxivimdə var, ya yoxdur. Görürsünüz ki, dünya miqyasında adı çəkilən, siyasi çəkisi olan bir siyasətçi mənim haqqımda belə yüksək fikirlər işlədib. Bəla ondadır ki, hətta bunu həzm edə bilməyənlər var”.

Nemət


Müəllif:

Oxşar xəbərlər