“Prezidentin cəbhə bölgəsinə səfəri Azərbaycan cəmiyyətində, türk dünyasında ruhlandırıcı jest, düşmənə isə zərbə oldu”.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə deputatı Elman Məmmədov Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın cəbhə bölgəsinə səfərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, dövlət başçısının cəbhə bölgəsinə səfəri həm düşmənlərimiz, həm beynəlxalq aləm, həm də Azərbaycan ictimaiyyəti üçün bir çox mətləbləri aydınlaşdırdı: “Möhtərəm Prezidentimiz bu səfəri ilə sübut elədi ki, həmişə hər bir Azərbaycan vətəndaşının yanındadır. Hər qarış torpağımız, bütün azərbaycanlılar onun diqqəti, qayğısı, rəhbərliyi və nəzarəti altındadır.
Cəbhə bölgəsinə səfər çox riskli və təhlükəli idi. Çünki məlum olduğu kimi həmin yerlər erməni hərbçilərinin, Ermənistan silahlı qüvvələrinin atəşi altında olan ərazilərdir. Azərbaycan Prezidenti xanımı ilə birlikdə həyatını təhlükə qarşısında qoyaraq dağılmış evlərə getdi. Hər an hər şey ola bilərdi. Cənab Prezident sıravi vətəndaş kimi cəbhə bölgəsinə gedərək oradakı kənd və qəsəbələrdə yaşayan insanlara göstərdi ki, özünü heç kəsdən yuxarı tutmur. Dövlət başçısı deyir ki, biz xalqın xidmətçiləriyik və bir daha sübut etdi ki, hər bir vətəndaşın Prezidentidir”.
Elman Məmmədov qeyd edib ki, İlham Əliyev xəstəxanalarda erməni vəhşiliyi nəticəsində yaralanan sıravi insanları ziyarət edib, eyni zamanda ermənilərlə döyüşdə fərqlənmiş əsgərlərimizi mükafatlandırıb: “Bunlar bütün dünyaya mesaj idi ki, yaxın dövrlərdə torpaqlarımızı azad edəcəyik. Bu, onu göstərirdi ki, cənab Prezidentimiz növbəti səfərləri işğaldan azad etdiyimiz torpaqlarımıza - Xankəndinə, Şuşaya olacaq. Yaxınlarda ermənilərin cinayətkar, terrorçu prezidenti Azərbaycan sərhədini pozaraq işğal altında saxladıqları Azərbaycan torpaqlarına gəlmişdi.
Ermənistanın məğlub ordusunun döyüşçüləri ilə görüşdü, əlində əsgərlərə dilənçi torbası kimi nə isə verdi. Ancaq İlham Əliyev ermənilərlə döyüşdə igidlik göstərmiş, fərqlənmiş döyüşçülərimizi cəbhə bölgəsində təltif elədi. Həm əsgərlərimiz, həm də əhalimiz ruhlandı, torpaqlarımızın yaxın zamanda işğaldan azad olunması ümidimiz birə min dəfə artdı”.
Nərgiz