Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iki erməni deputatın Ermənistan hökumətinin Dağlıq Qarabağın müstəqilliyini tanıması təklifinə münasibət bildirib.
N.Məmmədov qeyd edib ki, bu, Ermənistan rəhbərliyinin növbəti təxribatıdır: “Görünür, aprelin əvvəllərində həyata keçirilən təxribatın davamıdır. Onlara cavab veriləcəyini bilirdilər. Əsas məqsədləri də bunu bəhanə edərək danışıqlar prosesini pozmaq, status-kvonu saxlamaq imiş. Ermənistan tərəfi bir daha sübut edir ki, onlar üçün beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri, eləcə də danışıqlar prosesi heç bir əhəmiyyət daşımır. Düşünürəm ki, həmsədrlər bu məsələyə mütləq münasibət bildirməlidirlər”.