“Eldar Namazov haqqında fikirləşdiyimi zamanında demişəm. Mənim ona fərdi münasibətim mənfidir. Eldar Namazov indiyə qədər bir neçə dəfə fürsətdən yararlanmağa çalışıb. Birinci dəfə “Azadlıq” Bloku zamanında fürsətdən istifadə edib. İkinci dəfə isə Milli Şuradan yararlanmaq istəyib. Hətta “El” Hərəkatı yaratmaq istədi. Başqalarının çiyni üzərində olan ab-havada nəsə yaratmağın çətin olduğu ortaya çıxdı. O zaman bəh-bəhlə deyilən “El” Hərəkatı faktiki olaraq indi yoxdur”.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı son günlər sabiq dövlət müşaviri Eldar Namazovun fəallaşmasına münasibət bildirərkən qeyd edib.
Rafiq Manaflı qeyd edib ki, Eldar Namazov indi də fürsətdən istifadə etmək istəyir: “Mən ona uğurlar arzu edirəm”.
Milli Şura üzvü qeyd edib ki, siyasətdə əbədi müttəfiqlik və dostluq anlayışı yoxdur: “Vaxtı ilə Milli Şura güclü idi. Prezident seçkilərində Milli Şura ölkədə ikinci güc mərkəzi olaraq təsdiq etmişdi. Bu qurumu qoruyub saxlamaq vacib idi. Ancaq seçkidən sonra Milli Şuraya ciddi zərbələr vuruldu və bu zərbələri vuranlardan biri də Eldar Namazov oldu. Sonra Eldar Namazov taym-aut götürdü, getdi dincəldi, istirahət etdi, müalicə olundu. Yəqin bunların hamısını kompleks edib. Ona uğurlar arzu edirəm”.
Koordinasiya Mərkəzinin üzvü Eldar Namazovla yenidən əməkdaşlıq edib-etməyəcəkləri haqda fikirlərini də açıqlayıb: “Siyasi proseslərdə hadisələr elə cərəyan edir ki, bəzən əlini sıxmaq istəmədiyin insanlarla bir masa arxasında əyləşməli olursan. Mənim üçün şəxsən qırmızı xətt çəkdiyim insanlar var və onlardan biri də Namazovdur. Amma proseslərdə qurum olaraq müxtəlif təşkilatlarla əməkdaşlıq etmək zərurəti meydana gələ bilər. Belə halda təbii ki, əvvəlki dövrlərdə olduğu kimi arxadan zərbə vurmamaq qarantı olacaqsa, o zaman nəsə ola bilər. Əslində bu gələcək proseslərin doğuracağı zərurətlər ola bilər”.
Manaflı qeyd edib ki, Eldar Namazov siyasi proseslər zamanı siyasi texnologiyalardan istifadə edən, ələ düşən imkandan yararlanmağı bacaran şəxsdir: “Bu mənada uğur qazana bilər. Eldar Namazov sıfırdan nəsə yaradacaq adam deyil. Çünki bu indi daha çətindir. Ancaq hadisələrin necə inkişaf edəcəyini bilmək olmaz”.
Cavad