4 May 2016 16:49
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Avropa Qonşuluq Siyasəti (AQS) çərçivəsində Avropa İttifaqı ilə ikitərəfli məsləhətləşmələr aparmağa hazırdır".

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündəki çıxışında deyib.

Nazir bildirib ki, Avropa İttifaqı qonşuluğunda yeni geosiyasi inkişaf və çağırışlar Aİ-nin Azərbaycanla gələcək əlaqələrini formalaşdıracaq: "Ümid edirik ki, yenilənmiş Avropa Qonşuluq Siyasəti Avropa İttifaqı ilə münasibətlərdə tərəfdaş ölkələrin fərqli istəklərinə uyğun olacaq. Azərbaycan əməkdaşlığın potensial sahələrinə özünün cəlb edilməsinin araşdırılması məqsədilə yenilənmiş Avropa Qonşuluq Siyasətində nəzərdə tutulan birgə tematik çərçivədə Avropa İttifaqı ilə ikitərəfli məsləhətləşmələr aparmağa hazırdır".

Azərbaycanın xarici işlər naziri vurğulayıb ki, Şərq Tərəfdaşlığının zəiflədiyinə və bütün potensialını itirdiyinə dair şübhələr artmaqda davam edir: "Biz Aİ ilə ikitərəfli münasibətlərimizdəki irəliləyişi qiymətləndiririk, bu xüsusda Şərq Tərəfdaşlığının çoxtərəfli formatda çatdırmaq bacarığı proqramın bütöv səmərəliliyini müəyyən etməkdə böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan tərəfindən irəli sürülən və həyata keçirilən böyük transregional layihələr Şərq Tərəfdaşlığı çoxtərəfli formatının dirçəldilməsinə perspektivli təsir göstərir".
Cənub Qaz Dəhlizi bu xüsusda Şərq Tərəfdaşlığı regionu, eləcə də Aİ üzv dövlətləri və namizəd ölkələrdən müxtəlif pay sahiblərinin daxil olduğu unikal bir layihədir.

Bu yaxınlarda Bakıda keçirilən və Federika Moqerini və Maroş Şefçoviçin iştirak etdiyi Məşvərət Şurasının 2-ci nazirlər görüşü bu layihənin maneəsiz həyata keçirilməsinə dair birlik və həmrəylik mesajını çatdırdı. 17 may tarixində Yunanıstanın Saloniki şəhərində təşkil olunacaq TAP-ın təməlqoyma mərasimi bu xüsusda başqa bir mərhələnin əsasını qoyacaq. Şübhəsiz ki, Azərbaycan enerji təhlükəsizliyi sahəsində birgə strateji maraqlara cavab vermək üçün etibarlı tərəfdaşdır və belə də qalacaqdır".

Nazir qeyd edib ki, Azərbaycanın çoxtərəfli əməkdaşlığa töhfəsi transregional neft və qaz infrastruktur layihələri ilə məhdudlaşmır: "Bu ilin sonlarına qədər təhvil verilməsi gözlənilən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi bərpa edilən qədim İpək Yolunun ayrılmaz komponenti kimi qəbul edilir. Çinin İpək Yolu İqtisadi Kəməri konsepsiyasının tam realliğa çevirilməsi sözügedən dəmiryolunu regionun ən vacib infrastrukturları sırasına qoşacaq. Bu, artıq Aİ ilə nəqliyyat sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün böyük mərkəz rolunu oynayır. Azərbaycan həm də Aİ ilə Birgə Aviasiya Sazişinə dair danışıqları bərpa etmək üzərində işləyir". ("Report")

***

"Bu ilin aprel ayında Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində törətdiyi son təxribat aktları münaqişənin tarixində görünməmiş gərginliyə səbəb olub".

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündəki çıxışında deyib.

Nazir qeyd edib ki, Avropa İttifaqının qonşuluq siyasətində təhlükəsizlik problemlərini müzakirə edərkən Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü mütləq xüsusi vurğulanmalıdır: "Biz həmişə aydın şəkildə bildirmişik ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ona bitişik 7 rayonunda Ermənistan Silahlı Qüvvələrinin davam edən mövcudluğu qeyri-sabitliyin və təmas xətti boyunca tez-tez baş verən ölümcül hərbi qarşıdurmaların əsas mənbəyidir".

E.Məmmədyarov bildirib ki, Ermənistan münaqişənin həllində "status-kvo"nu dəyişmək üçün edilən beynəlxalq çağırışlara məhəl qoymamaqda davam edir: "Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllində maraqlıdır. Onun sülh və sabitlik üçün yol xəritəsi aydındır və beynəlxalq hüquqa əsaslanır. Azərbaycan V4 və digər beş Şərq Tərəfdaşlığı ölkəsi kimi öz ərazi bütövlüyünü güzəştə getməyəcək. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində tələb edildiyi kimi, Ermənistan Silahlı Qüvvələri qeyd-şərtsiz işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmalı və məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz şəkildə qayıtması təmin edilməlidir.

***

Praqa səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çexiyalı həmkarı Lübomir Zaoralek ilə görüşüb.

Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərini, "Şərq Tərəfdaşlığı" proqramını müzakirə edib, mühüm regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, E.Məmmədyarov dünən Vışeqrad qrupu (Polşa, Çexiya, Slovakiya, Macarıstan) və Şərq Tərəfdaşlığı (Azərbaycan, Belarus, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan) ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Praqaya gedib. (“Report”)


Müəllif:

Oxşar xəbərlər