Bu gün müxalifət partiyalarının “Antiböhran Koalisiyası”nın toplantısı keçirilib.
Toplantıda mitinq keçirilməsi məsələsi diqqətdə olub, lakin son qərar verilməyib.
İclas barədə Teleqraf.com-a danışan “Ağ Blok”un təmsilçisi Tural Abbaslı bildirib ki, iclasda bir sıra məsələlər müzakirə edilib: “İlk öncə aprelin 28-də Koalisiyanın təşkil etdiyi dəyirmi masa müzakirə edildi. Eyni zamanda aprel ayından sonra Dağlıq Qarabağ münaqişəsi məsələsinin aktuallığı barədə danışıldı. Burada Azərbaycanın, Ermənistanın və Rusiyanın atdığı addımlar, verilən bəyanatlar analiz edildi”.
T.Abbaslı daha sonra qeyd edib ki, Koalisiyanın iclasında ümumi razılığa gəlinib ki, Qarabağ mitinqinin keçirilməsi təşəbbüsü irəli sürülsün: “Burada kimin müxalifətdə, kimin bitərəf, kimin vətəndaş sektorunda fəaliyyət göstərməsinin fərqi yoxdur. Söhbət ümummilli Qarabağ mitinqindən gedir. Bunun təşkilatçısının kim olması da xüsusi əhəmiyyət daşımır. Əsas məqsəd dünya ictimaiyyətinə Azərbaycanın birliyini və bütövlüyünü təqdim etməkdir.
Bununla bağlı koalisiya adından ictimaiyyətə müraciət edildi. Biz bunu ideya olaraq gündəmə gətirir və hesab edirik ki, indiki məqamda belə bir aksiyanın təşkili əhəmiyyətli olardı. Şəxsi fikrimə görə, burada əsas təşkilatçılıq hakimiyyətin üzərinə düşür. Çünki yerin ayrılması, insanların aksiyaya gəlməsi, dövlət strukturlarında işləyənlərin bura gəlməsi məsələsi də ola bilər. Birgə təşkilatçılıq da ola bilər”.
Müsahibimiz daha sonra qeyd edib ki, koalisiya hakimiyyətə də müraciət edib: “Biz təklif etdik ki, Dağlıq Qarabağda baş verən hadisələr, aparılan danışıqlarla bağlı qapalı görüş keçirilsin və müxalifətə məlumat verilsin. Belə təcrübə Türkiyədə olur. Bəzən PKK və digər məsələlərlə bağlı Türkiyədə hakimiyyətlə müxalifət arasında görüşlər təşkil edilir”.
Cavad