Matın 5-6-da Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti müəllifi SAM-ın xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Rəşad Kərimovun olduğu “Azərbaycanın inkişaf yolu” kitabının təqdimat mərasimində iştirak etmək üçün Pekində səfərdə olub.
Teleqraf.com-un məlumatına görə, nümayəndə heyətinin tərkibinə Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli, SAM-ın direktoru Fərhad Məmmədov və SAM-ın aparıcı elmi işçisi Rəşad Kərimov daxildir.
Azərbaycanın Çindəki səfirliyi və Strateji Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunan tədbirdə Çinin dövlət qurumlarının, araşdırma mərkəzlərinin, ali təhsil ocaqlarının, müxtəlif təşkilatların, Pekindəki diplomatik korpusun təmsilçiləri, o cümlədən Ukraynanın, Gürcüstanın, Moldovanın səfirləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli, SAM-ın direktoru Fərhad Məmmədov, Çin Müasir Beynəlxalq Münasibətlər Akademiyasının vitse-prezidenti Fen Cunpin, İpək Yolu Beynəlxalq Ticarət Palatasının sədri Lu Ciacun, Uxan Universitetinin professoru Lyu Cayçi, Gürcüstanın Pekindəki səfiri David Aptsiauri və başqaları kitabın Çin ictimaiyyəti üçün Azərbaycan haqqında əsaslı məlumat mənbəyi kimi əhəmiyyətini vurğulayıblar.
SAM-ın aparıcı elmi işçisi Rəşad Kərimovun tərtib etdiyi kitabda Azərbaycanın tarixinə, coğrafiyasına, mədəniyyətinə, ölkənin son 25 ildə keçdiyi yola, milli dövlət quruculuğuna, iqtisadi inkişafına, neft sənayesinə, gələcək inkişaf planlarına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, ulu öndər Heydər Əliyevin Azərbaycanın müasir tarixindəki əvəzolunmaz roluna, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin son illər dinamik inkişafına, qazandığı uğurlara, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və təbliği istiqamətindəki fəaliyyətinə dair ətraflı məlumatlar əksini tapıb.
Səfər ərəfəsində nümayəndə heyətinin Beynəlxalq Problemlərin Araşdırmaları Akademiyası, ÇXR Beynəlxalq Münasibətlər Akademiyası, ÇXR Kommunist Partiyasının Beynəlxalq Əlaqələr Departamenti, Hərbi İşlər üzrə Araşdırma İnstitutu, ÇXR XİN və ÇXR Tərksilah və Sülh Cəmiyyətində də görüşləri olub.
Səxavət