"Ermənistan silahlı birləşmələrinin Azərbaycanın mülki vətəndaşlarına qarşı həyata keçirdikləri vəhşilikləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün mütəmadi olaraq belə səfərlər təşkil olunur".
Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbycanda akkreditasiya olunmuş xarici diplomatik nümayəndələrin Ağdam və Tərtər rayonlarına səfəri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
XİN-in sözçüsü bildirib ki, cəbhə xəttinə bu kimi səfərlər mütəmadi təşkil olunacaq: "Bu gün cəbhə xəttinə Azərbaycanda akkreditasiya olunmuş xarici diplomatik nümayəndələrin rəhbərinin səfəri təşkil olunub.
Nümayəndələr ermənilərin ağır artilleriya qurğuları ilə Tərtər və Ağdam rayonu ərazisində yaşayış məntəqələrini atəşə tutması nəticəsində yerli sakinlərə dəyən ziyanla yerində tanış olublar. Məqsəd Azərbaycanın haqq-ədalət səsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır. Biz bu kimi səfərləri mütəmadi təşkil edəcəyik".
***
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin cəbhənin Ağdam və Tərtər istiqamətinə səfəri başlayıb. Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfəri Xarici İşlər Nazirliyi təşkil edib.
Səfərdə məqsəd aprel ayı ərzində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca iri çaplı minaatanlar, ağır artilleriya və toplardan istifadə etməklə təmas xəttinə yaxın kəndlərdə sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisi, fərdi və dövlət mülkiyyətində olan obyektlər və Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutmasının və dəymiş ziyanın humanitar və sosial nəticələri ilə yerindəcə tanış olmaqdır.
Diplomatik nümayəndəliklərin rəhbərləri və hərbi attaşelərin daxil olduğu 80-ə yaxın nümayəndənin səfərinin məqsədlərindən biri də qoşunların təmas xətti boyunca mövcud vəziyyətin diplomatların təmsil etdiyi ölkələrə obyektiv çatdırılmasının təmin edilməsidir.
Səxavət