6 May 2016 13:33
1 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Banklar haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu haqda deputatlara Ziyad Səmədzadə məlumat verib.

Deyib ki, Nəzarət Palatasının yaradılması səbəbindən bir çox qanunlara dəyişiklik edilib. O, qeyd edib ki, dəyişikliklər bank səhmdarlarının hüquqlarını artırır.

Deputat Elmira Axundova deyib ki, dəyişikliklər şəffaflığa və eyni zamanda kreditlərin verilməsinin sərtləşdirilməsinə xidmət edir: “Bu, başadüşünləndir. Çünki son zamanlar bankların kredit siyasəti onların özünə ciddi ziyan vurub. Ancaq son dövrlər sahibkarlar kredit ala bilmirlər. Düşünürəm ki, bu dəyişikliklər qüvvəyə minsə, sahibkarlar bir qədər də çətin duruma düşə bilər. Odur ki, hesab edirəm ki, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara kreditlərin verilməsi bir qədər yumşaldılmalıdır. Əgər sahibkar kredit götürürsə və sənədində qüsur varsa, ona köməklik göstərilməlidir və s”.

Millət vəkili İlham Əliyev deyib ki, bu yaxınlarda komitə sədri Ziya Səmədzadə ilə birlikdə Banklar Assosiasiyasının təşkil etdiyi görüşdə iştirak ediblər: “Çox müsbət hal idi ki, orada bankların çoxunun rəhbəri də iştirak edirdi. Mən orada iradlarımı bildirdim. Bizə çoxlu sayda seçicilərimiz müraciət edirlər. Onlar əsasən xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Təsəvvür edin ki, kredit müqavilələri elə kiçik şriftlərlə yazılır ki, onları eynəklə oxumaq da mümkün deyil. Banka kredit almağa gələn insanı müqavilə ilə ilk tanış edən şəxs krediti verən mütəxəssis olmalıdır.

Amma pul-maliyyə münasibətləri ilə yaxından tanış olmayan insanlar müqaviləni oxumadan imzalayırlar. Sonra isə devalvasiya olur və bəlli olur ki, sahibkar daha çox pul ödəməlidir. Mən görüşdə açıq dedim ki, insanları yükləmək olmaz. Öz risklərini sığortalamaq üçün böyük faizlə kredit verirlər. Çox zaman müqavilədə faizi qeyd etmirlər. Sizdən xahiş edirəm ki, bu məsələyə ciddi yanaşmaq lazımdır, insanları fəlakətə sürükləmək olmaz”.

Spiker Oqtay Əsədov qeyd edib ki, kredit götürən insan faizi bilməlidir: “Artıq dollarla kredit məsələsi bağlanıb. Ancaq düz deyirsiniz ki, müqavilələr kiçik şriftlərlə yazılır. Yəqin, banklar kağız tapmırlar. Ziyad müəllim, xahiş edirəm Banklar Assosiasiyasına məktub yazıb bu iradları bildirəsiniz”.

Nemət


Müəllif:

Oxşar xəbərlər