Müsavat başqanlığına namizəd Tural Abbaslının ardınca Müsavat Məclis üzvü Rüfət Hacıbəyli də istefa verib.
O, Teleqraf.com-a açıqlamasında deyib ki, Müsavatda aparılan siyasət onun hədəfləri, mübarizəsi ilə uyğun gəlmədiyinə və partiya daxilində barış mühitinin yaranması üçün heç bir müsbət addımlar atılmadığına görə Müsavatla yollarını ayırır: “Müsavatçı dostlarıma apardıqları mübarizədə uğur arzu edərək, partiyadan istefa verdiyimi bəyan edirəm. Rəsmi olaraq 2004-cü ildən Müsavat Partiyasının üzvüyəm. Üzv olduğum vaxtlarda Partiyanın mənafeyini, şərəfini müsavatçılıq ideologiyasını hər zaman uca tutmuşam. Ailəliklə bu partiya uğrunda heç bir təmənna güdmədən mübarizə aparmışıq. Təəssüflər olsun ki, 2013-cü ilin ortalarında başlayaraq partiya rəhbərliyinin yürütdüyü yanlış siyasət, qurultaydan sonra partiyanın düşdüyü durum o qədər də xoş görüntü yaratmadı”.
Qeyd edək ki, keçmiş müsavatçı Tural Abbaslı yeni Ağ Partiya təsis edir, bir vaxtlar Müsavat Gənclər Təşkilatının üzvü olan müsavatçı gənclər partiyanı tərk edərək Tural Abbaslının ətrafında birləşir. Yaxın günlərdə digər tanınmış müsavatçı gənclər Cavid Hacıbəyli və Əhəd Məmmədlinin də istefa verəcəyi gözlənilir.
Nərgiz