7 May 2016 12:40
1 491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com sabiq dövlət müşaviri, Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovla müsahibəni təqdim edir.

- Rasim müəllim, aprelin əvvəlləri və sonunda cəbhə xəttində durum çox gərgin keçib. Hazırda vəziyyəti necə qiymətləndirirsiniz?

- Vəziyyət gərgin olaraq qalır. Sadəcə hücum əməliyyatları aparılmır. Atəşkəs demək olar ki, mütəmadi pozulur və tərəflər hərbi qüvvələri geri çəkməyib. Hər zaman müharibə alovlana bilər.

- Sizcə, indiki mərhələdə tərəflərin hansında müharibə istəyi çoxdur: Azərbaycanın, yoxsa Ermənistanın?

- Nə Azərbaycan, nə də Ermənistan müharibə istəyir... Ancaq Ermənistan işğal edilən torpaqlardan əl çəkmək istəmir. Azərbaycanın isə erməniyə bağışlayacağı torpağı yoxdur. Odur ki, mövcud vəziyyətdə sülh olmadığı halda addım-addım müharibəyə doğru gedir və bundan qaçmaq çətin olacaq.

- Demək istəyirsiniz ki, müharibə ehtimalı daha yüksəkdir?

-Bəli. Vəziyyət qısa zamanda dəyişməsə və proseslər bu istiqamətində cərəyan etməzsə, müharibə ehtimalı böyükdür. Aparılan danışıqların nəticəsi olmalıdır. Əks halda istisna etmirəm ki, bir neçə aya cəbhədə gərginlik artaraq geniş hərbi əməliyyatlara aparıb çıxarsın.

- Hazırkı danışıqlar mərhələsi nədən ibarətdir?

- Hazırda danışıqlar prosesi yoxdur. Deyirlər ki, danışıqlar başlanacaq. Hələlik heç bir danışıq yoxdur.

- Rusiya danışıqlarla bağlı təşəbbüslə çıxış edirdi. Bu təşəbbüs dayandırıldı?

- Yox, dayandırılmayıb. Nazir Lavrov regiona səfər etdi, tərəflərə təkliflərini verdi. Mən konkret bir şey deyə bilmərəm, amma Rusiya mediası yazır ki, 9 may bu ölkədə bayramdır. Başqa sözlə, Rusiyada ayın 30-da Pasxa bayramı başladı və demək olar ki, mayın 9-na qədər bayramdır. Bayramlar başa çatandan sonra real fəallıq müşahidə ediləcək.

Həmsədrlərlə, tərəflərin xarici işlər nazirləri ilə görüşlər ola bilər. Sonda isə prezidentlərin görüşməsi isə məsələyə təkan vermək niyyəti gerçəkləşdirilə bilər.

- Əgər söhbət danışıqlar prosesinin aktivləşmə ehtimalından gedirsə, sizcə, əsas müzakirə obyekti nə ola bilər?

- Fikrimcə, 5 rayonun azad edilməsi müqabilində təhlükəsizliyin möhkəmləndirilməsi məsələsi qoyula bilər. Yəni belə bir plan nəzərdən keçirilə bilər.

- Bölgəyə sülhməramlı kontingentin yerləşdirilməsi də müzakirə obyekti ola bilərmi?

- Təhlükəsizlik məsələsinin içərisində siz dediyiniz məqamın da nəzərdən keçirilməsi mümkündür. Ancaq söhbət təkcə sülhməramlı kontingentdən getmir. Burada demilitraziya və digər məsələlər var ki, müzakirə edilib həllini tapmalıdır.

- Sizcə, sülhməramlı kontingent adı altında Rusiya qüvvələrinin bölgəyə gəlişi münasibdirmi?

- Budapeşt sammitinin bu məsələ ilə bağlı qərarı var. Qərarda açıq qeyd edilib ki, heç bir ölkənin 30 faizdən çox təmsilçiliyi qəbuledilməzdir. Bu o deməkdir ki, Rusiyanın iştirakı mümkündür, amma onların birtərəfli qaydada, MDB və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bayrağı altında durması imkanı yoxdur.

- ABŞ və Fransa nəyə görə regionda baş verən proseslərə, cəbhədə yaşanan gərgin vəziyyətə və danışıqlar prosesinə münasibətdə passiv mövqedə durur?

- Onlarin başı ayrı məsələlərə qarışıb. İndi onları narahat edən Suriya hadisəsi, qaçqınlar problemi, maliyyə böhranı və sairdir. Əslində əvvəllər də Qarabağ məsələsində daha böyük fəallıq Rusiyaya məxsus idi. Hamı nəzərə alırdı ki, bu problem vaxtı ilə Rusiya, sonra SSRİ imperiyasının bir hissəsidir və zamanında onlar tərəfindən törədilib.

İndi də biz özümüzü aldatmamalıyıq, təbii ki, hamımız bu məsələdə Rusiyanı vasitəçi kimi qəbul edirik, amma bilirik ki, Rusiya sadə vasitəçi deyil, həm də tərəfdir.

- Rasim müəllim, vaxtı ilə Moskvada işləmisiniz, Rusiya mediasına və siyasətinə bələd insansınız. Nəyə görə Rusiya ictimaiyyəti Azərbaycana qarşı qıcıqlıdır və televiziyalarda, mediada açıq Ermənistanı müdafiə edirlər?

- Birincisi, zamanında erməniləri Qafqaz regionuna Rusiya gətirib. Yəni ikinci növ olsa da, erməniləri özününkü sayır.

İkincisi, yəhudilər Rusiyadan çıxdıqdan sonra onların mediada və digər strukturlarda yerlərini ermənilər doldurub. Yəni ermənilər Rusiyanın içindədirlər və təbii ki, bu imkanlarından özlərinin xeyrinə, Azərbaycanın isə əleyhinə istifadə edirlər.

Özümüzü aldatmayaq, Marqarita Simonyan kimdir? RBK-nın, TNT-nin direktorları kimlərdir? Təbii ki, ermənidir. Digər kanallara baxsanız birinci şəxs olmasa da, ikinci və ya üçüncü şəxs ermənidir. Onlar bundan öz xeyirlərinə istifadə edirlər.

Ancaq onu da qeyd etmək istəyirəm ki, medianı izləyəndə hiss olunur ki, vəziyyət 9:1 ermənilərin xeyrinədir. Söhbət Rusiya mediasından gedir. Ancaq Rusiya bir dəfə də olsun Azərbaycana nə barmaq silkələdi, nə də barmaq uzatdı.

Ona görə ki, Rusiya siyasi cəhətdən anlayır ki, burada birmənalı Ermənistanın tərəfini saxlamaq Rusiyanın dövlət maraqlarına ziddir. Niyə? Çünki Ermənistan pazdır. Ermənistanın Rusiyaya 1qəpiklik xeyri yoxdur. Ancaq Rusiya üçün Azərbaycansız Şimali Qafqazda vəziyyəti nəzarətdə saxlamaq çətin olar. Bu məsələdə Rusiyanın Azərbaycanla əməkdaşlıq etməsinə ehtiyac var.

Yaxud Xəzərdə. Xəzərdə Rusiya təkbaşına davrana bilmir. Burada Azərbaycanla məsləhətləşmək, Azərbaycanın dəstəyini əldə etməkdə Rusiya maraqlıdır.

Azərbaycan Rusiyadan müftə silah almır. Üstəlik ticarət əlaqələrimiz Rusiyaya xeyir verir. Ermənistandan isə Rusiyaya yalnız zərər dəyir. Bütün bunlar Rusiyada real qərar qəbul edən şəxslər üçün önəmlidir.

Düşünürəm ki, biz indi Rusiyada media imkanlarımızı genişləndirməliyik. Çalışmalıyıq ki, imkanlarımız hesabına müəyyən işlər görək. Rusiya Qafqazda və Azərbaycanda öz nüfuzunu itirməməsi və erməniləri tapdaq altında qoymaması
naminə Ermənistanı ağıllandırmağın vaxtı çoxdan çatıb.

- Rasim müəllim, hazırda regional dövlət olan Türkiyədə də müəyyən proseslər gedir, baş nazir hakim komandanda ayrılır. Qardaş ölkədə baş verən siyasi prosesləri necə qiymətləndirmək olar?

- Türkiyədəki proseslər daha çox daxili prosesdir. Hiss edilir, Davudoğlu fikirləşib ki, böyük siyasətçidir. Halbuki onun siyasi nüfuzu Ərdoğanın kölgəsindən qidalanırdı. İndi Davudoğlu bu kölgədən çıxmaq istədi və bu da onun nəticəsi...

Ancaq bu Türkiyə üçün çalxalanma deyil. Ərdoğan xarizmatik liderdir. Partiyanı yaradan, onu hakimiyyətə daşıyan, son illər vəziyyəti müsbətə doğru dəyişən Ərdoğandır, Davudoğlu deyil. Davudoğlu hər zaman Ərdoğanın kölgəsində olan adam olub.

Təbii ki, konstitusiyaya görə, baş nazir qismində Davudoğlunun səlahiyyətləri genişdir. Ola bilsin, Davudoğlu bu səlahiyyətləri özü icra etmək niyyətində oldu.

Türkiyə demokratiyası oturuşmuş demokratiyadır və indiki proseslər çaxnaşmaya gətirib çıxara bilməz.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər