Müsavat Partiyasının Divan üzvü, başqan müavini Tofiq Yaqublu təmsil etdiyi partiya ilə Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) arasında olan mənfi münasibətləri qaydasına salmaq üçün təşəbbüslər göstərir.
T.Yaqublu bir müddət əvvəl bildirmişdi ki, məqsədi bu insanları bir araya gətirməkdir.
Teleqraf.com xəbər verir ki, o, ADR Hərəkatı ilə Müsavat Partiyası arasında başlatdığı missiya haqqında danışıb: “Mənim mövqeyim bundan ibarətdir ki, müxalif düşərgə imkan və resurslarını parçalamamalıdır. Məsələn, həbsdən çıxdıqdan sonra qeyd etmişdim ki, ADR ilə Müsavatın anlaşmasını istisna etmirəm, lakin bu, bir qədər çətin görünür.
Çünki münasibətlərin pozulması yenicə baş verib, tərəflər bir-birinə qızğındır. Ancaq deyim ki, ADR Hərəkatında olan dostlarımızla bir araya gəlmişəm. Qubad İbadoğlu ilə bir neçə dəfə görüşmüşəm. Burda da bir müsbət məqam ondan ibarətdir ki, tərəflər hesab edir ki, narazılıqlara baxmayaraq didişmələrlə gündəmi zəbt etməyə ehtiyac yoxdur. Yetər ki, hər kəs olduğu yerdə qalsın və əsas rəqibə qarşı mübarizə barədə düşünsün. İndiki halda çalışıram, lakin bu haqda konkret bir söz demək çox çətindir”.
Cavidan