11 May 2016 11:01
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 14-də, saat 14.00-da İstanbulda Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, xalq şairi Sabir Rüstəmxanlının 70 illik yubileyi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, xalq şairinin yubileyini İstanbulda Böyükşəhər Bələdiyyəsi keçirəcək. Tədbirdə Azərbaycanın tanınmış xadimləri, qələm əhli, habelə Türkiyədə yaşayan soydaşlarımız və türk dünyasının tanınmış isimləri iştirak edəcək.

Qeyd edək ki, Sabir Rüstəmxanlı 1946-cı il, mayın 20-də Yardımlının Hamarkənd kəndində anadan olub. 1963-cü ildə Yardımlı qəsəbə onbirillik məktəbini bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Əmək fəaliyyətinə tələbəlik illərindən başlayıb, 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “"Ədəbiyyat və incəsənət” qəzetində işə qəbul edilib. 1974-1975-ci illərdə ordu sıralarında xidmət edib. Bu sırada elmi işlə də məşğul olub,Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib.

S.Rüstəmxanlı 1976-cı ildə “Molla Nəsrəddin və folklor” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnib.

1967-1978-ci illər ərzində “Ədəbiyyat və incəsənət” qəzetində xüsusi müxbir və şöbə müdiri, 1978-1989-cu illər arasında isə “Yazıçı” nəşriyyatının baş redaktoru olub, yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik yazıları ilə tanınıb.

İlk kitabı 1970-ci ildə nəşr edilib. O vaxtdan bəri Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə 20-dən artıq şeir, nəsr, publisistika kitabları nəşr olunub. Kitabları Azərbaycanın yüksək ədəbi ödüllərinə layiq görülüb, onun adını bütün türk dünyasında və əski Sovetlər Birliyində tanıtdırıb.

“Ömür kitabı” adlı əsəri Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynayıb və 1988-ci il milli azadlıq hərəkatının mənəvi təməllərindən biri olub.

“Tanımaq istəsən”, “Xəbər gözləyirəm”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı”, “Zaman məndən keçir” və sair kimi şeir kitablarının, “Bütövlük”, “Didərginlər”, “Cavad xan”, “Orxonla görüş” poemalarının, “Bu sənin xalqındır” publisistik yazılarından ibarət əsərin, “Atamın ruhu”, “Xətai yurdu”, “Göy Tanrı”, “Ölüm Zirvəsi”, “Difai Fədailəri”, “Sunami” romanlarının müəllifidir.

Nemət


Müəllif:

Oxşar xəbərlər