12 May 2016 17:10
4 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Axı Nemət Pənahlı kimdir ki, Əbülfəz Elçibəy haqqında danışsın, onu təhqir etsin? Savadlı, sanballı kişilər ölən bir şəxsiyyət haqqında belə danışmaz. Məni narahat edən Nemət Pənahlının Əbülfəz Elçibəy haqqında dediklərindən daha çox onun alçaq məqsədidir”.

Bunu Teleqraf.com-a açıqlamasında Əbülfəz Elçibəyin silahdaşı Tofiq Seyidov deyib.

T.Seyidov Azərbaycan mətbuatının Nemət Pənahlının fikirlərini tirajlamasına qarşı olduğunu da ifadə edib:
“Əgər media belə insanların dediklərinə yer verməsə, inanın ki, onların səsini heç yaxın ətrafı da eşitməz. Ancaq bu adamlar gündəmə gəlmək istəyirlər. Bilirlər ki, həyatını dəyişən insanlar haqqında müsbət və ya mənfi nəsə desələr, gündəmə gələcəklər. Mən Nemət Pənahlını ciddi adam saymıram və ona da reaksiya vermək istəməzdim. Media qeyri-ciddi insanlara qucaq açmamalıdır”.

Tofiq Seyidov bildirib ki, Əbülfəz Elçibəy haqqında təhqirlər yağdıran insanların məqsədləri bəllidir:
“Neməti də tanıyırıq. Ətəyindən yapışmadığı adam qalmadı. Müşavirin müşavirinin müşaviri olub. Ciddi adama cavab verərlər. Əbülfəz Elçibəy haqq dünyasına gedib. 20 ildir ki, onun barəsində bəlli adamlar təhqirlər yağdırır. Mən müsəlmanlığı bir kənara qoyuram. İnsan vəfat edən şəxs haqqında da təhqirlər deyər? Bilir ki, barəsində danışdığı insan durub ona cavab vermək imkanında deyil. Bunu bilə-bilə təhqir etmək, danışmaq əxlaq anlayışından kənar şeydir. Belə adamlara baş qoşmaq qətiyyən olmaz.

Nemət Pənahlı əgər ciddi işlə məşğul olmaq niyyətindədirsə, gedib həyatda olan insanlar haqqında danışsın və cavabını alsın. İndi elə zəmanədir ki, ağlı və əxlaqı olan da, olmayan da fikir söyləyə bilir. Heç olmasa, dünyasını dəyişən insan haqqında danışmayın. Ağıllı fikirlə, ideyalarla gündəmə gəl. Desinlər ki, Nemət böyük şəxsiyyətdir. Həyatda olmayan insanların arxasınca danışmaq nakişilikdir. Bir dəfə məndən soruşdular ki, Ayaz Mütəllibova münasibətin necədir?

Dedim ki, Mütəllibov Azərbaycanda prezident olanda ona qarşı ciddi mübarizə aparırdım. Ancaq indi Mütəllibova münasibətim loyaldır, çünki hakimiyyətdən gedib. Ona qarşı mübarizə aparmağımın səbəbi o idi ki, millətimə və Azərbaycana zərər vururdu. İndi bu imkanda deyil, gedib Moskvada dayılarının yanına. Niyə danışıb onu gündəmə gətirim? Əgər adam hakimiyyətdən gedibsə, onun haqqında nə danışım? Məncə, Nemətə heç kim fikir verməsə, danışmayacaq. Bilir ki, Elçibəyi sevənlər çoxdur. Lap tutaq ki, Elçibəy adi adamdır, xalqının qarşısında xidmətləri olmayıb. Axı sən dünyasını dəyişən insandan nə istəyirsən...?”

Cavidan


Müəllif:

Oxşar xəbərlər