Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov Bakıya “Qəhrəman şəhər” fəxri adının verilməsi təklifi ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, diplomat bu təklifi “Parlament qəzeti”nin redaksiyasında keçirilən mətbuat konfransında səsləndirib.
“Sovet dövründə şəhər formal olaraq bu fəxri ada layiq görülməyib. Hərçənd ki, bakılıların qəhrəmanlığı olmasaydı, bizim ümumi qələbəmiz əldə olunmazdı. Çünki məhz Azərbaycan cəbhənin neftə olan tələbatının 80 faizini təmin edirdi”, deyən Q.Osmanov əlavə edib ki, Bakıya “Qəhrəman şəhər” adının verilməməsi ilə bağlı azərbaycanlılarda ədalətsizlik hissi mövcuddur.
Onun sözlərinə görə, Bakı neftçilərinin faşizm üzərində qələbənin əldə olunmasına töhfəsinin qiymətləndirilməməsinə heç kim şübhə etmir: “Hətta mən bu əməyin tezliklə qiymətləndirilməyəcəyini söyləməkdən də çəkinmirəm. Bakı sovet vaxtı formal olaraq bu fəxri adı almayıb. Amma faktlar şahidlik edir ki, bakılıların fədakar əməyi olmasaydı, bizim ümumi qələbəmiz əldə olunmazdı”.
Səfir müavini Böyük Vətən Müharibəsinin başlanğıcında Azərbaycanda cəmi 3,4 milyon əhalinin yaşadığını, buna baxmayaraq 600 mindən çox insanın, beləliklə hər beşinci vətəndaşın cəbhədə döyüşdüyünü bildirib. Sovet hərbi maşınlarının 80 faizi isə Azərbaycan yanacağı ilə doldurulurdu. Hətta, əfsanəvi “Katyuşa”lar üçün mərmilər Bakıda istehsal olunurdu. Bakıya “Qəhrəman şəhər” adının verilməməsinə baxmayaraq 130-dan çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bu gün 9 May – Qələbə Günü Azərbaycanda rəsmi dövlət bayramları sırasına daxildir”.
Səxavət HƏMİD