13 May 2016 15:46
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstanın xarici işlər naziri Daniel Mitovla görüşüb.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Bolqarıstan, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı vəziyyəti və onların inkişaf etdirilməsi yolları, iqtisadiyyat və enerji sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan münaqişəsi, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

İki dövlət arasında mövcud olan siyasi dialoq və qarşılıqlı etimadın yüksək səviyyəsindən məmnunluq ifadə edilib.

Azərbaycan və Bolqarıstan arasında mövcud ikitərəfli əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyi vurğulanaraq, bunun Azərbaycan-Avropa İttifaqı münasibətlərinə də müsbət təsir göstərdiyi qeyd olunub.
Bolqarıstanlı nazir ölkəsinin Azərbaycanla bütün sahələrdə, xüsusilə enerji və nəqliyyat sahəsində əməkdaşlığa böyük önəm verdiyini bildirib. O, irimiqyaslı enerji layihəsi hesab olunan Cənub Qaz dəhlizinin Avropa İttifaqı, xüsusilə də Bolqarıstan üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.

E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı məlumat verərək, ATƏT-in Minsk Qrupunun həmsədrləri də daxil olmaqla, bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini və münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib.

E.Məmmədyarov aprelin 2-dən etibarən Ermənistanın qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisinə qarşı törətdiyi təxribatlar, o cümlədən artilleriya və digər ağır silahlardan istifadə etməsi haqqında məlumat verib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər