16 May 2016 15:15
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

““Metsamor” Atom Elektrik Stansiyası bütün regiona, yəni, üzü Asiyadan Avropaya qədər yerləşən ölkələrə, xüsusilə də, Ermənistana yaxın ölkələrə böyük təhlükə mənbəyidir”.

Bunu millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Çernobıl Atom Stansiyasında baş verən qəzadan illər keçməsinə baxmayaraq, bu gün də onun fəsadları aradan qalxmayıb. O, qeyd edib ki, həm ekologiyaya, həm də insanlara dəyən zərərin nəticələri hələ yüz illərlə davam edəcək: “Belə bir faciənin şahidləri ola-ola beynəlxalq ictimaiyyət Ermənistanın təhlükə mənbəyi olan “Metsamor” “atom bombası”nın fəaliyyətinin dayandırılmasına lazımı təsir göstərmir. Ona görə atom bombası adlandırıram ki, 1989-cu ildə bu stansiya istismara yararsız olduğu üçün fəaliyyətini dayandırmışdı. Amma Ermənistanın üzləşdiyi iqtisadi səfalət onu 1995-ci ildən stansiyanı yenidə işə salınmağa məcbur edib.

Ermənistan rəhbərliyi “Metsamor”un fəaliyyətini 2026-cı ilə qədər uzatmaq qərarı verməklə ilk növbədə ermənilərin nəslinin kəsilməsinə şərait yaratmaqla bütün regionu təhlükə altında saxlayır. Çünki birinci novbədə stansiya istismara yararsızdır, ikincisi, seysmik aktiv zonada yerləşir. Əgər Spitakda baş verən zəlzələ təkrar olunarsa, “Metsamor” bəşəriyyət üçün fəlakətdir. Üçüncüsü, “Metsamor”un radioktiv maddələrinin terrorçu qrupların əlinə keçməsi ehtimalı böyükdür. Dördüncüsü, isə radioaktiv tullantılar Azərbaycan ərazisində basdırılır. Bütün bunları nəzərə alaraq, hamı “Metsamor”un fəaliyyətinin davam etdirilməsinə qarşı çıxmalıdır. Beynəlxalq Atom Agentliyi-MAGATE də bu istiqamətdə ciddi fəaliyyətə keçməlidir”.

Digər millət vəkili Eldəniz Səlimov da hesab edir ki, Ermənistan ərazisində istifadəyə tam yararsız və böyük təhlükə mənbəyi olan “Metsamor” AES-in bağlanması, fəaliyyətinin dayandırılması üçün başladılan “Stop Metsamor” kampaniyası çox müsbət və əhəmiyyətli hadisədir: “Hesab edirəm ki, ölkəmizin, bütövlükdə yerləşdiyimiz bölgənin, regionun təhlükəsiz gələcəyini düşünən hər bir insan, xüsusilə də, gələcəyimiz olan gənclər, gənclər təşkilatları bu kampaniyaya daha çox dəstək verməli, bu işdə daha çox fəallıq nümayiş etdirməlidirlər”.

Millət vəkili Sona Əliyeva öz növbəsində deyib ki, “Metsamor” Atom Elektrik Stansiyası (AES) region ölkələrinin bir addımlığında olan humanitar və ekoloji faciə mənbəyidir.

Onun sözlərinə görə, 30 il bundan qabaq baş vermiş Çernobıl hadisəsini yada salmaq kifayət edir ki, bu təhlükənin miqyasını anlayaq.

Millət vəkili deyib ki, 1986-cı ildə Çernobıl qəzası baş verərkən 7 min adam həlak olmuşdu, 250 min adam güclü radiasiyaya məruz qalmışdı, on minlərlə insan isə radiasiyanın fəsadlarını həyatında hələ də hiss etməkdədir.

“Biz bu faciənin bir də baş verməsinimi gözləməliyik? “Metsamor” Atom Elektrik Stansiyası ən azından beynəlxalq təhlükəsizlik baxımından beynəlxalq təsisatlarda narahatlıq doğurmalı, bununla bağlı müvafiq tədbirlər həyata keçirilməlidir. Düzdür, Avropa Şurasının Parlament Assambleyası qəbul etdiyi sənədlərdə dəfələrlə stansiyanın fəal seysmik zonada yerləşdiyini və bütün Qafqaz regionu üçün potensial təhlükə mənbəyi olduğunu narahatlıqla ifadə edib, lakin həmişə olduğu kimi, qeyri-konstruktiv yanaşma sərgiləyən Ermənistan bu çağırışları da duymazlıqdan gəlib. Ümid edirəm ki, bu çağırışlara dünya birliyi, beynəlxalq təsisatlar etinasız yanaşmayacaq və ikinci Çernobıl hadisəsi yaşanmayacaq!”.

Nemət


Müəllif:

Oxşar xəbərlər