16 May 2016 16:01
1 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyədə yaşananlar sistem böhranıdır. Ərdoğan prezident oldu, lakin konstitusiyanı dəyişib başqanlıq sisteminə keçidi reallaşdıra bilmədi. Ərdoğan indi prezidentdir, amma özünün səlahiyyəti yoxdur. Heç bir işə özünün təşəbbüsü ilə baxa bilmir. Siyasi partiyanın üzvü belə deyil. Lakin Ədalət və İnkişaf Partiyasına nəzarəti, şəxsi iddiaları qalır.

Ancaq Ərdoğan parlamentli respublika quruluşunda prezident olmaq üçün seçkilərə qatılmayıb. O, prezidentli respublika üsul-idarəsini qurmaq məqsədilə prezident olub. Ancaq bunu həyata keçirə bilmir. Odur ki, indiki mərhələdə Ərdoğan ortalıqda qalıb, bütün rəsmi səlahiyyətlər baş nazir kimi Davudoğlunun əlində cəmləşib. Ancaq hakim partiyanın içərisində yaranan qarşıdurma nəticəsində Davudoğlu istefa verməli oldu. Bunun da səbəbi Ərdoğanla Davudoğlu arasında şəxsi münasibətlərdə deyil, sistem böhranındadır”.

Teleqraf.com xəbər verir ki, bunu Respublikaçı Alternativ Hərəkatının (REAL) İdarə Heyətinin üzvü Erkin Qədirli Türkiyə siyasi elitasında baş verən son prosesləri şərh edərkən deyib.

REAL funksioneri xatırladıb ki, əslində, baş nazir olan Davudoğlunun özü də ölkəni təkbaşına idarə eləməyib: “Sadəcə olaraq Davudoğlu bərabərlər arasında birinci şəxsdir. Nazirlər Kabineti partiya üzvlərindən ibarətdir. Burada isə Ərdoğanın nüfuzu kifayət qədərdir. Bu da, Davudoğlu üçün problem yaratdı. Ancaq mən prezident Ərdoğan üçün yaxşı heç nə görmürəm.

Başqanlıq sisteminə keçid cəhdi strateji baxımdan yanlış qərar idi. Ona görə, bu böhran yaxşı heç nə vəd etmir. Prezident Ərdoğan başqanlıq sisteminə keçə bilməyəcək. Fikrimcə, Ərdoğanın siyasi nüfuzu maksimum həddə çoxdan çatıb və hazırda eniş mərhələsindədir. Xüsusilə, Davudoğlunun istefa verəcəyi bəlli olduqdan sonra partiya daxilində də fərqli fikirlər yaranıb. Məncə, Ərdoğan nə bacarıbsa, buna qədər edib. Buna qədər edə bilmədiklərini bundan sonra edə bilməyəcək. Əgər müxalifət kobud səhv etməsə, nəsə böyük bir hadisə olmalıdır ki, AKP növbəti seçkiləri böyük səs çoxluğu ilə uda bilsin”.

Nemət


Müəllif:

Oxşar xəbərlər