“Bundan sonra fəaliyyətimizi Vahid Azərbaycan Partiyasında davam etdirəcəyik. Bu partiyaya vaxtilə Kərrar Əbilov rəhbərlik edib. “Ağ Blok”da təmsil olunan və istefasını açıqlayan şəxslər hazırda bu partiyada birləşib. Qeyd edim ki, Vahid Azərbaycan Partiyasının hazırda sədri yoxdur, bu təşkilatın sədrinin səlahiyyətlərini Siyasi Şura həyata keçirir. Yəqin ki, yaxın dövrdə yeni qurultay keçiriləcək və təşkilati məsələlər həll ediləcək”.
Bunu Teleqraf.com-a açıqlamasında “Ağ Blok”un sədri Tural Abbaslı deyib.
T.Abbaslı bildirib ki, onlar Vahid Azərbaycan Partiyasına ərizə ilə müraciət edərək üzv olublar: “Müsavatda olan və olmayan üzvlərimiz də tədricən bu partiyaya üzv olacaqlar. Biz Müsavatdan getməyin kampaniya xarakterli olmasını istəmirik. Nisbətən tanınmışlar Müsavatdan istefasını media vasitəsilə elan edib. Bir çoxları da gedəcək, amma istəmirlər mətbuatda bunu elan etsinlər.
Bizim üçün əsas olan bizimlə birgə mübarizə aparmaq istəyən insanların toparlanmasıdır. Müsavatdan və digər qurumlardan çıxanların qarşısına şərt kimi bu istefasını ictimailəşdirməsini qoymuruq. Biz yeni siyasi mübarizə ocağı yaratmaq istəyirik. Bu işdə kim bizimlə olmaq istəsə, xoş olarıq”.
T.Abbaslı deyib ki, Vahid Azərbaycan Partiyası müxalifət düşərgəsinin heç bir konfiqurasiyasında iştirak etmir: “Anti-böhran Koalisiyasında biz “Ağ Blok” olaraq təmsil olunuruq. Partiyanın qurultayı keçirildikdən sonra bu məsələlərlə bağlı bir aydınlaşma olacaq”.
Qeyd edək ki, Vahid Azərbaycan Partiyasının qurultayı mayın sonu, iyunun ortalarına qədər keçiriləcək. Bununla bağlı Siyasi Şura qərar verəcək, qurultayda isə müvafiq strukturlar formalaşacaq və təşkilat aktiv siyasi fəaliyyət fazasına daxil olacaq.
Nemət