17 May 2016 14:51
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə “Elm haqqında” Qanun layihəsi II oxunuşa çıxarılıb.

Teleqraf.com xəbər verir ki, layihə haqqında Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.

Bildirib ki, “Təhsil haqqında” qanun qəbul edildikdən sonra “Elm haqqında” qanunun hazırlanmasına start verilib: “Bu müddət ərzində təcrübələr öyrənilib. Nəhayət, 2013-2014-cü illərdə cəmiyyətin müxtəlif qurumlarında müzakirələr aparılıb, sənəd 2015-ci ilə Milli Məclisin iclasında I oxunuşa çıxarılıb. Lakin “Elm haqqında” qanun layihəsinin hazırlanması və müzakirələrdən keçən dövr ərzində elmdə baş verən dəyişikliklər layihənin yenidən baxılması və dəyişdirilməsi zərurətini ortaya çıxarıb.

Qanun layihəsi daha da təkmillləşdirilib. Ölkəmizdə elm yönümlü sənədlər, qəbul edilmiş qərarlar da layihəyə yenidən baxılması zərurətini aktuallaşdırıb. Bütün bunlara görə qanun layihəsi komitə daxilində mütəxxəsislər tərəfindən oxunub, müzakirə olunduqdan sonra parlamentin plenar iclasına təqdim edilib”.

Deputat qeyd edib ki, qanun layihəsinin strukturunda təkmilləşmə zamanı bəzi dəyişikliklərin aparılması zəruri olub, bəzi maddələr tamamilə çıxarılıb, bəziləri birləşdirilib.

Komitə sədri qeyd edib ki, I oxunuşda 8 fəsil 45 maddə qəbul edilən qanun layihəsi 7 fəsil 41 maddə ilə ikinci oxunuşa çıxarılıb: “Elmdə innovasiya və sahibkarlıq fəaliyyəti haqqında” ayrıca maddə əlavə edilib. Bu, son illərdə aparılan islahatların elmdəki əks-sədasından doğan reallıqları əhatə edən maddədir.

“Elm haqqında” qanun layihəsi çərçivə sənədidir, gələcəkdə elmdə innovasiya və sahibkarlıq haqqında qanun hazırlana bilər. Fəlsəfə və elmlər doktorlarının elmi adı var, eyni zamanda professor və akademiklər alim kimi qeyd edilir. Amma akademiyanın həqiqi və müxbir üzvlərinin adlandırılması yox idi. Akademiyanın həqiqi və müxbir üzvlərinin elmi rütbə ilə adlandırılması məqsədəuyğun hesab edilib və ayrıca maddədə də qeyd edilib”.

İ.Həbibbəyli vurğulayıb ki, qanun layihəsində təhsil kreditləri məsələsinə də toxunulub. “Burada təhsil kreditləri barədə söhbət gedir. Təhsil qurumlarında təhsil kreditlərinin verilməsi, təhsil alanın əmək fəaliyyətinə başlayarkən həmin kreditləri ödəməsinin başlaması mexanizminin tapılması vacib olduğundan qanun layihəsində qeyd etmişik. Bu, bakalavr pilləsi ilə yanaşı, gələcəkdə magistratura və doktorantura üzrə də vacib ola bilər”.

Komitə sədri qeyd edib ki, magistrlərə hərbi xidmətdən möhlətin verilməsi “Elm haqqında” qanunun deyil, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun subyektidir. Hərbi vəziyyət normalaşarkən bu əlavə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilə bilər.

I vitse-spiker deyib ki, AMEA-nın akademikləri, elm adamları parlamentə aparılan müzakirələri müşahidə edirlər.

Deputat Əli Məsimli qanun layihəsinin müzakirəyə çıxarılmasını müsbət qiymətləndirib. Deyib ki, deputatların bir sıra təklifləri nəzərə alınıb. O, akademik İsa Həbibəyliyə dərin təşəkkürünü ifadə edib.

"Bağçada uşağın “soska”sına göz dikənlər varsa..."

Deputat Zahid Oruc bağçaların Təhsil Nazirliyinə qaytarılması məsələsinə toxunub. “Bağçalarımız bu gün uşaqların 3-5 faizi üçün əlçatan deyil.

Bağçalar dövlətin və icra qurumlarının nəzarətindədir, özəl bağçalar isə azdır. Bağçanın Bakı Şəhər İcra Hakimiyyətinə nə aidiyyatı olduğunu Hacıbala Abutalıbovdan başqa heç kəs deyə bilməz. Bağça xidmət deyil, gələcək elmin sirlərini ilk üsullarla öyrədilmə yeridir. Parlament üzvləri olaraq bu fikri möhkəmləndirək ki, bağçalar Təhsil Nazirliyinə qayıtsın, icra nümayəndələri üçün yem olmaqdan çıxsın. Bağçada uşağın “soska”sına göz dikənlər varsa, gələcəkdə nəyi hesabladıqlarını yaxşı bilirlər”.

Deputat Qüdrət Həsənquliyev deyib ki, magistraturaya qəbul olanlara hərbi möhlət hüququ verilməlidir:

“Dövlətin əsas vəzifələrindən biri də elmi fəaliyyətdə olduğu kimi təhsildə də fasiləsizliyi təmin etməkdir. Bu ilin aprel ayının əvvəlində cəbhə xəttində baş verən döyüşlərdə ordumuz düşmənə ağır zərbələr vurdu. Ancaq bu döyüşlərdə 700 bal toplamış azərbaycanlı gəncimiz də şəhid oldu. Doğrudur, vətəni qorumaq hər bir azərbaycanlının borcudur. Amma vətəni tək səngərdə deyil, hər kəs öz sahəsində də müdafiə edə bilər. Düşünürəm ki, o gənc ölkəmizə elmi sahədə böyük töhfələr verərdi. Təklif edirəm ki, elmi fəaliyyətini davam etdirən magistratura və doktoranturaya qəbul olmuş şəxslər hərbi vəzifədən azad olunmalıdır. Həmçinin fəlsəfə doktorları orduya çağırılmamalıdır. Ermənilərə üstün gəlməyimizin bir yolu da elmin üstün olmasından keçir”.

Deputat Siyavuş Novruzov deyib ki, elm və təhsil maliyyəsiz olmaz: “Dəqiq elmlə məşğul olan elm müəssisələri ən azı 50 faiz özünü maliyyə ilə təmin etməlidir. Bəzən, biz gözləyirik ki, hansısa idarə tapşırıq versin və elm müəssisəsi də onu həyata keçirsin.

Deputat deyib ki, magistrların hərbi xidmətə getməsi məsələsi də razılaşdırılmalıdır: “Bu məsələ “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda öz əksini tapıb”.

Nemət


Müəllif:

Oxşar xəbərlər