19 İyun 2014 15:38
1 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədalət Partiyasının Beynəlxalq məsələlər üzrə sədr müavini Etimad İsmayılov tutduğu vəzifədən və partiya sıralarından istefa xəbərini partiya sədri İlyas İsmayılov təkzib edib.

O, yayılan bu xəbərləri cəfəngiyyat adlandırıb.

Yayılan xəbərlərə görə, partiyanın siyasi kursu ilə bağlı bu fikir ayrılığına görə bu addımı atıb.
Bəs ümumilikdə İ.İsmayılovun neçə müavini var?

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli Teleqraf.com-a açıqlamasında qeyd etdi ki, özündən başqa İ.İsmayılovun müavinləri Heydər Oğuz, Zülfüqar Fərzəliyev, Etimad İsmayılov, Əlikamal Həsənzadə, Nizami Əliyevdir.

M.Rəhimli partiya üzvlərinin sayını da açıqladı: “Sonuncu qurultaydakı hesablamaya görə, partiyanın 20 mindən artıq üzvü var. Ötən ilin avqustun nəticələrinə görə rəqəm belədir”.

O, E.İsmayılovun istefa xəbərinə də münasibət bildirdi: “Etimad İsmayılov Türkiyədə yaşayır. Onun tərəfindən müavinlikdən və ya üzvlükdən çıxma ilə bağlı təşkilati məsələlər üzrə müavinliyə heç bir ərizə daxil olmayıb. Ona görə də söyləyə bilmərəm ki, o çıxıb. Bu xəbəri yayan media qurumunun bu informasiyanı haradan aldığını deyə bilmərəm”.

Mütəllim Rəhimli partiyanın maliyyə qaynaqlarına da toxundu: “Üzvlük haqqının yığılmasına çalışılsa da, o qədər də müvəfəqqiyyətli alınmır. Çalışırıq ki, bunu həyata keçirək, az-çox Bakı şəhərindəki üzvlərdən üzvlük haqqı yığa bilirik. Amma respublikanın bölgələrində təəssüf ki, bu, mümkün olmur. Nizamnaməmizə görə, hər bir üzv simvolik olaraq 20 qəpik üzvlük haqqı verə bilər”.

İ.İsmayılovun müavini qarşıdan gələn bələdiyyə seçkilərində iştirak imkanlarından da danışdı:

“Partiyamızın bələdiyyə seçkilərində iştirak etmək niyyəti olsa da, konkret rəsmi qərar yoxdur. Biz situasiyadan asılı olaraq qərarımızı verəcəyik”.

O, Ədalət, Yaşıllar və İslam partiyalarının təmsil olunduğu “Vətən”blokunun seçki bloku olmadığını söylədi:

“Amma təbii ki, fəaliyyətimizi uzlaşdırırıq. Bununla bağlı müzakirələr gedəcək”.

Nərgiz


Müəllif: