23 May 2016 13:56
2 614
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən Əbülfəz Elçibəy haqqında bəzi məlum şəxslərin dediklərindən heç də narahat deyiləm. Çünki bu millət Elçibəyi də, onun haqqında mənfi danışan insanları da yaxşı tanıyır”.

Bunu Teleqraf.com-a açıqlamasında mərhum prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev deyib.
A.Əliyev Nemət Pənahlı, Rəhim Qazıyev və digər şəxslərin Elçibəy haqqında mənfi fikirlərinə münasibət ifadə edib:

“Nemət Pənahlı Əbülfəz Elçibəy sağ olanda bu fikirlərini niyə demirdi? Əksinə, bəyin sağlığında az qalırdı qarnına girsin. Allah ona ağıl versin. Nemətin atası çox yaxşı kişi idi, Allah ona rəhmət eləsin. Bilmirəm ki, Nemət Pənahlı niyə belə çıxdı. Rəhim Qazıyev isə daima Elçibəy haqqında nələrsə deyir. Mən bunlara baş qoşmuram, çünki başdan xarabdırlar”.

Almurad Əliyev Nemət Pənahlıya və Rəhim Qazıyevə məsləhət görüb ki, öz iş-gücləri ilə məşğul olsunlar:

“Ağlı başında olan insanlar bilir ki, vəfat edən şəxs haqqında təhqirlə danışmazlar. Rəhim Qazıyev, səhər-axşam qapımı kəsirdin, yadından çıxıb? Ümumiyyətlə, axı siz niyə bu haqda danışırsınız, məqsədiniz nədir?”

Elçibəyin qardaşı daha sonra qeyd edib ki, bir neçə gündən sonra iyun ayı gələcək və ola bilsin ki, bu zaman kimlərsə Əbülfəz Elçibəy haqqında danışmağa başlayacaq: “Mənim bu başdan onlara cavabım budur ki, gedib özlərini həkimə göstərsin, psixiatriya müəssisələrinə müraciət etsinlər. Mənim onlara inamım yoxdur, çünki bundan sonra çətin ağıllanarlar. Ancaq hər halda gedib yaxşıca müalicə olunsunlar. Bu günə qədər harada olmuşamsa, bu adamların fikirlərinə görə sadə insanlardan narazılıq eşitmişəm. Millətin bu şəxslərdən zəhləsi gedir”.

Sonda eks-prezidentin qardaşı söyləyib ki, həmişə xalqın içində Əbülfəz Elçibəyə hörmət və ehtiram görüb: “Şəxsən mənə hər yerdə Əbülfəz Elçibəyin hesabına hörmət qoyurlar. Harada olmuşamsa, qardaşım haqqında müsbət fikirlər eşitmişəm. Odur ki, Nemət, Rəhim və onlarla belə adamın fikirləri cəmiyyətdə əsla Əbülfəz Elçibəyin nüfuzuna təsir göstərə bilməz. Əslində, bu şəxslərin ikisi də Əbülfəz Elçibəyin hesabına tanındılar, bir müddət vəzifə tutdular. İndi ikisi də qalıb küçələrdə. Bundan sonra nə qədər istəyirlər danışsınlar. Onlara xalqın verdiyi qiymət ortadadır”.

Cavad


Müəllif:

Oxşar xəbərlər