Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Samirə Patzer-İsmailova Almaniyanın Şimali Reyn Vestfalen əyalətinin Parlamentində Almaniyanın aparıcı partiyası olan Xristian Demokratik Partiyası fraksiyasının sədr müavini Robert Esler və fraksiyanın üzvü Serap Gülerlə görüş keçirib.
Əyalətin mərkəzi Düsseldorf şəhərində baş tutan görüşdə multikulturalizm, Avropadakı miqrant problemi, habelə AAK-la əməkdaşlıq məsələləri müzakirə edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a veriləın məlumata görə, Avropa məkanında miqrasiya və qaçqın axını, terror və milliyyətçi qüvvələrin fəallığı nəticəsində yaranan bir sıra siyasi, sosial problemlərdən danışan görüş iştirakçıları ölkədə yeni inteqrasiya siyasətinə ehtiyac olduğunu bildiriliblər. Bu siyasətin mədəniyyətlərarası dialoq yolu ilə həyata keçirilməsinin səmərəliliyini vurğulayan S.Patzer-İsmailova parlament üzvlərinə Azərbaycanın bir çox məsələlərdə nümunə ola biləcəyindən danışıb.
O qeyd edib ki, Azərbaycan zəngin mədəni irsə və müasir incəsənətə malik olmaqla yanaşı, multikulturalizm, tolerantlıq, mədəniyyətlərarası dialoq mövzularında aparıçı rol oynayan ölkələrdən biridir. Diaspor rəhbərinin fikrincə, Azərbaycana məxsus Şərq qadınının emansipasiyası, müxtəlif dinlərin və mədəniyyətlərin təmsilçilərinin birgə sülh şəraitində yaşaması, əcnəbilərə qarşı tolerantlıq - yüksək səviyyəli qonaqpərvərlik kimi xüsusiyyətlər Avropaya məhz şərq ölkələrindən gələn miqrantlar üçün örnək ola bilər və bu sahədə “Azərbaycan modeli”nin təcrübəsindən yararlanmaq fayda verər: “Almaniyanın ən böyük əyalətlərindən olan Şimali Reyn Vestfalenin əhalisinin dörddə bir hissəsini miqrantlar təşkil edir və məhz bu əyalətdə xarici mənşəli vətəndaşların sosial, mədəni proseslərdə iştirakı regionun müsbət inkişafına zəmin yarada bilər”.
Görüşdə AAK rəhbəri S.Patzer-İsmailova müzakirə olunan məsələlərə dair bir neçə konkret təkliflə çıxış edib. Görüşdə həmçinin yaxın gələcəkdə əyalətdə keçiriləcək mədəniyyətlərarası dialoq layihələrində AAK-ın da iştirak imkanları müzakirə edilib.
Səxavət