Müsavat başqanlığına keçmiş namizəd, “Ağ blok” siyasi klubunu təsis edən və yeni partiya yaradan Tural Abbaslıya ailə üzvlərindən qardaşı Toğrul Abbaslı da dəstək verib.
O da qardaşı kimi Müsavatdan istefa verərək yeni Vahid Azərbaycan Partiyasında təmsil olunacaq. Uzun illərdir Müsavat Partiyasında təmsil olunan Başxanım Abbaslının oğluna dəstək verib-verməyəcəyini öyrənmək üçün onunla əlaqə saxladıq.
Başxanım Abbaslı Teleqraf.com-a açıqlamasında dedi ki, gənclərə uğurlar arzulayır, özü isə Müsavatda qalmağı üstün sayır: “Yeni hərəkatın və təzə simaların olması gözəl əlamətdir. Gənclərin özlərinə yeni yol açmasını yaxşı qarşılayıram, Allah onlara uğurlu yol qismət eləsin. Mənim yetərincə yaşım var, Müsavat bərpa qurultayının üzvü olmuşam, hərəkatdan gəlmiş adamam.
Gənclər hara getsə, onların ideyası Müsavat ideyasıdır. Sadəcə olaraq rəhbərlikdən incidilər. Rəhbərlik tərəfindən sayğı, qayğı görmədilər deyə partiyadan ayrıldılar, yoxsa onlar da Müsavatdan uzaqlaşmazdılar. Müsavat bizim mənəvi dəyərimizdir, mən həmişə bu partiyaya sadiq olmuşam, bundan sonra da sadiq olaraq qalacağam. Müsavat Partiyasında qalmağı üstün tuturam”.
“Arif Hacılı ilə oğlunuz arasında soyuqluğu aradan qaldırmaq üçün cəhd eləmisinizmi” sualına Başxanım Abbaslı belə cavab verib: “Divan üzvü kimi xeyli gəncin Müsavatdan istefa verməsi ürəyimcə deyildi. Tək mən yox, bir çoxları istədi ki, Müsavatda birlik olsun, qopmaların qarşısı alınsın. Arif Hacılı həmişə söyləyir ki, mən qucağımı açdım, hamıya dedim gəlin qucaqlaşaq, barışaq.
Düzdür, Arif Hacılı dedi qucağımı açmışam, amma heç kimi qucaqlamadı. Qubad İbadoğlunun, Hikmət Hacızadənin, Vurğun Əyyubun və digər müsavatçıların partiyamızdan gedişi bizə başucalığı gətirmədi, hərəkatda yerini tutmuş adamlar idi, onlar birdən-birə partiyadan getməməli idilər.
Bizlər onların partiyadan uzaqlaşmasının qarşısını almalı idik. Amma təəssüf ki, mümkün olmadı. Müsavat da elə Müsavat olaraq qalacaq. Həmişə mənəvi dəyərimiz olan Müsavatın sıralarında qalacağam. Arzu edirəm ki, partiyamız əvvəlki şan-şöhrətini bərpa edə bilsin”.
Nərgiz Ehlamqızı