“Gürcüstanda NATO-nun hərbi təlimləri başa çatdı. Məncə bu hərbi təlimlər ilk növbədə elə Gürcüstanın daxili ictimaiyyətinə hesablanmışdı, xüsusilə seçki qabağı bir vaxtda. Bildiyimiz kimi siyasi məkanda istənilən hərəkətin psixoloji təsiri olur. Yəni, bu təlimlər ilk növbədə psixoloji bir əməliyyat idi. Ümumiyyətlə, Rusiyanın Qərb sərhədləri son zamanlar NATO-nun dişini göstərməsi ilk növbədə psixoloji təzyiqdir”
Teleqraf.com xəbər verir ki, bunu Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin məsləhətçi eksperti Fuad Çıraqov NATO-un Gürcüstandakı hərbi təlimlərinin siyasi tərəflərini şərh edərkən bildirib.
F.Çıraqov hesab edir ki, Gürcüstanda Mişanın hakimiyyətə gəlməsindən sonra bu ölkənin qısa müddətə NATO-ya və Aİ-yə üzv ola biləcəyi ilə bağlı böyük ümidlər və eyforiya yaranmışdı: “Bu ümidlərin doğrulmamasından doğan məyusluq hissini, eləcə də bütün islahatlara baxmayaraq əhalinin sosial-iqtisadi vəziyyətinin kardinal şəkildə yaxşılaşdırıla bilməməsini Rusiya, ona yaxın siyasətçilər və media yaxşıca istismar edə bilirdilər. NDİ və İRİ-ın son iki il ərzində sosioloji sorğularını dərindən incələsəniz, eləcə də bu ölkədə keçən və bu il keçirilən lokal seçkiləri, iştirak edən qrupların hərəkət formalarını təhlil etsəniz bu ölkədə proseslərin heç də arzuolunmaz istiqamətdə meyilləndiyini görərsiniz. Ona görə də, bu təlimlər çox zamanında və zəruri vaxtda həyata (deyərdim gecikən) keçirildi. Bu ilk növbədə məyusluq hisslərini ən müxtəlif formalarda "Gürcüstan heç bir zaman NATO üzvü olmayacaq və ya Gürcüstan Abxaziya və Osetiyanı NATO-la yaxınlaşmasına görə itirdi" fikirləri istismar edən edən qüvvələrin arqumentləri ciddi şəkildə zəiflədi”.
F.Çıraqov qeyd edir ki, Gürcüstanda qarşıdan gələn oktyabr parlament seçkiləri təkcə bu ölkə üçün deyil, bütövlükdə region üçün çox həlledici məqamlardan biri olacaq: “Əslində Gürcüstanda həyata keçirilən hərbi təlimlər Qərbin özünün 2008-ci ildən buraxdığı səhvləri düzəltmək cəhdləridir. Vəziyyətin belə kritik həddə qədər pisləşməsinin ilk növbədə günahkarı Rusiya ilə münasibətlərin normallaşdırılmasının mümkünlüyü barədə illuziyalara və mümkünlüyünə əsaslanan "reset" siyasəti idi. Resetlə bağlı o zaman geniş diskusiyalarda çox məlumatlı şəxslərdən biri maraqlı bir iddia da ortaya atmışdı. O, yazırdı ki, reset strategiyası ilə Obama administrasiyası Rusiyadan İran və Əfqanıstan məsələlərində dəstək əldə etməyin əvəzində Gürcüstanı qurban verib”.
Ekspertə görə, seçki kampaniyası indi həm də ABŞ-da keçirilir: “Ona görə də gələcək üçün düzgün siyasət yeritmək üçün siyasi proseslərdə iştirak edən ayrı-ayrı qüvvələrin xarici siyasət məsələləri ilə bağlı yanaşmalarını, görüşlərini, ictimai rəydə gedən polemikaları və diskusiyaları və rəyləri indidən çox yaxından izləmək lazımdı. Qısaca maraqlı bir məsələni deyim neokonlarla və liberal intervensionistlərin birgə xarici siyasət platforma üzərində işləmək istiqamətində fəaliyyətlər müşahidə edilməkdədi. Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə artıq kimin seçilməsindən həqiqətən də çox şey asılı olacaq. Bütün bunlar isə başqa müzakirə mövzusudu”.
Ayxan