Müsavatın sabiq başqanı İsa Qəmbər, indiki başqanı Arif Hacılı, AXP sədri Pənah Hüseyn və AXCP sədri Əli Kərimliyə şərt irəli sürülüb.
Teleqraf.com xəbər verir ki, adı çəkilən siyasətçilər qarşısında şərti milli azadlıq hərəkatının fəallarından olan Ramiz Mirzəoğlu qoyub.
Qeyd edək ki, Ramiz Mirzəoğlu uzun illər Müsavat Partiyasının Məclisinin üzvü olub, daha sonra partiyadakı ab-havadan narazı qalıb və qurumun sıralarını tərk edib.
Ramiz Mirzəoğlu feysbuk səhifəsində adı çəkilən hər üç siyasətçinin DTK-nın sabiq əməkdaşı, uzun illər Müsavat Partiyasının üzvü olan İlham İsmayıla bu şəxslərin cavab verməsini tələb edib: “İsa Qəmbər, Pənah Hüseyn, Əli Kərimli və Arif Hacılı! DTK-nın keçmiş əməkdaşı İlham İsmayılın eks-prezident Əbülfəz Elçibəy haqqında söylədiklərinə cavab vermək, fikir bildirmək sizin mənəvi borcunuzdur”.
Onun bu fikrinə vaxtilə mərhum prezident Əbülfəz Elçibəyə xüsusi yaxınlığı ilə seçilən Ülvi Həkimoğlu da dəstək verib.
Qeyd edək ki, İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabında Əbülfəz Elçibəylə bağlı bir sıra fikirləri sabiq prezidentin yaxın ətrafı tərəfindən çox sərt reaksiyaya səbəb olub.
Ramiz Mirzəoğlu da Elçibəy hakimiyyəti dönəmində yüksək post tutan şəxslərin bu məsələlərə reaksiya verməsini, susmamasını istəyib.
Cavid