Milli Məclisin sədri Oqtay Əsədov İtaliya Senatının Avropa İttifaqının Siyasəti Daimi Komissiyasının sədri Vannino Kitinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Milli Məclisin sədri qonaqları salamlayaraq, ümidvar olduğunu bildirdi ki, bu səfər parlamentlərarası əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək. Spiker 2010-cu ilin mayında İtaliyaya rəsmi səfəri zamanı qonaqla görüşünü xatırlayaraq, həyatın müxtəlif sahələrində əlaqələrin inkişafı barədə apardıqları fikir mübadiləsini yüksək dəyərləndirdi.
Sədr qeyd etdi ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur. Dövlət başçıları arasındakı münasibətlər, prezident İlham Əliyevin İtaliyaya səfəri zamanı keçirilən görüşlər və aparılan danışıqlar əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldırıb.
Bu günədək ölkələrimiz arasında 39 sənəd imzalanıb ki, bu da səmərəli əməkdaşlığa möhkəm hüquqi təminat verir: “Biz qanunverici orqan olaraq bu siyasəti dəstəkləyirik. Azərbaycanla İtaliya arasında imzalanmış Strateji tərəfdaşlıq haqqında Bəyannaməni əhəmiyyətli hesab edirik”.
İqtisadi münasibətlərimizin yüksək səviyyədə olduğuna diqqət çəkən spiker bildirdi ki, vaxtilə iki ölkə arasında ticarət dövriyyəsi 5 milyard ABŞ dolları həcmində olub: “Son dövrdə bu sahədə azalma müşahidə olunsa da biz inanırıq ki, gələcəkdə bu göstərici daha da yüksələcəkdir. Bu fikri söyləmək üçün möhkəm əsaslar da vardır. Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməkdə olan Azərbaycan bu gün TANAP və TAP kimi layihələri - Cənub Qaz xəttinin çəkilişi ilə əlaqədar işləri davam etdirməkdədir. Təkcə TAP çərçivəsində İtaliyaya külli miqdarda təbii qaz nəql olunacaqdır”.
Görüşdə Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindən söz açan P. Əsədov işğalçı Ermənistanın təxribatlarına diqqət çəkib. Bildirib ki, BMT Təhlükəsizlik Şurasının, AŞPA-nın münaqişə ilə əlaqədar qərar və qətnamələrinə məhəl qoymayan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir. Problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu ötən dövr ərzində heç bir real nəticə əldə etməyib. Cəbhənin təmas xəttində erməni silahlı birləşmələri mülki əhalini iri çaplı silahlardan atəşə tutur. Bunun nəticəsi kimi aprel hadisələri baş verdi, təcavüzkar Azərbaycan ordusu tərəfindən öz layiqli cavabını aldı”.
Səmimi qəbul üçün minnətdarlığını bildirən İtaliya Respublikası Senatının Avropa İttifaqının Siyasəti Daimi Komissiyasının sədri Vannino Kiti ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi. O, ölkəsinin Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafına böyük maraq göstərdiyini xüsusi vurğuladı. Bildirildi ki, dövlət başçıları arasındakı səmimi münasibət əlaqələrimizin inkişafına da öz müsbət təsirini göstərir.
Qonaq parlamentlər səviyyəsində əməkdaşlığın dərinləşməsindən söz açaraq, bildirdi ki, deputatların qarşılıqlı səfərləri, müvafiq komitələr arasında birbaşa əlaqələrin qurulması təcrübə mübadiləsi baxımından çox önəmlidir.
Söhbətdə Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdən, nüfuzlu idman yarışlarından, siyasi, iqtisadi əməkdaşlığın dərinləşməsindən, regional münaqişələrin aradan qaldırılmasından və digər məsələlərdən danışıldı”.
Nemət