20 İyun 2014 14:39
1 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi ekspertlər bu məsələdə dövlətin məsuliyyətini önə çəkir

Ehtiyata buraxılmış zabitlər müvafiq qanunvericiliklə müəyyən müddətdən sonra hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə toplanışa çağırılır. Hazırda qanunvericiliklə ehtiyatda olan hər bir zabit üçün toplanış müddəti 2 aydır. Görəsən, ehtiyatda olan zabit hər hansı bankdan kredit götürübsə və toplanışa çağırılıbsa, bunu necə ödəyəcək?

Məsələ ilə bağlı Teleqraf.com-a açıqlamasında hərbi ekspert Azad İsazadənin sözlərinə görə, toplanış faktiki o deməkdir ki, keçmiş ehtiyatda olan hərbi qulluqçuların hərbi hazırlığını artırmaqdır. O deyib ki, bu hazırlıqdan irəli gələrək sabah müharibə olarsa, həmin insan hərbi biliyə malik olsun:

“Əgər həmin insan hansısa bankdan kredit alıbsa, müharibə başlayacağı halda bu məsələ qabarmamalıdır. Burada bir məsələ var ki, ümumiyyətlə toplanışa çağırılan zabitin iş yeri qalır və onu işəgötürən tərəf maaşla təmin etməlidir. Deməli, həmin insan maliyyə baxımından heç nə itirməməlidir. Toplanış bir-iki aylıq olur və həmin şəxsin krediti varsa, onu hansısa formada güzəştə gedə bilərlər. Krediti olan insanı toplanışdan azad etmək də düzgün deyil”.

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin (JHAM) rəhbəri Cəsur Sümərinli bildirib ki, məsələ ilə bağlı “Səfərbərlik və hərbi toplanış haqqında” Qanunda boşluqlar var:

“Problemin kökü ondadır ki, insan hər hansı bir işdə çalışarkən onu toplanışa və ya səfərbərliyə çağırırlarsa, o zaman dövlət birbaşa olaraq, onun bir ay ərzində qazandığı maaşı ödəməlidir. Yaxud da həmin insanın çalışdığı şirkətə ödətdirməlidir. Bütövlükdə belə bir qayda olmalıdır. Dünyanın demokratik ölkələrində dediyim formadadır. Misal üçün, Gürcüstanda bu məsələ daha aktivdir və insanlar hər il çağırılırlar. İstər 15 gün, istərsə də bir ay toplanışda olur və buna qədər necə maaş alırdısa, ortalama həmin əmək haqqı verilir. Bu baxımdan həmin şəxsin krediti varsa, o da həmin maaşla ödənilir. Əgər kreditlə bağlı problem yaranarsa, o zaman dövlət, həmin şəxsi toplanışa çağıran qurum məsuliyyət daşıyır. Yəni, burada qərar sahibi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir. Çünki onlar vətəndaşı normal gündəlik həyatından ayırıblar, həmin şəxsin işini çətinləşdiriblər və çətinləşdirdiyi məqamları da həll etməlidirlər.

Ən azından dövlət qurumu vətəndaşın kredit götürdüyü banka və ya təşkilata hər hansı bir sənəd göstərməlidir ki, bir aylıq və ya 15 günlük toplanışla əlaqədar ödəniş təxirə salınmalıdır və sonra davam etdiriləcək. Belə məsələlər dövlətin öhdəliyindədir, nəinki vətəndaşın”.

BƏXTİYAR


Müəllif: